9 Noyabr 2023 16:30
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 9-da uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edən ehtiyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Teleqraf.com xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Mahmud Həmzəyev yaylım atəşləri altında son mənzilə yola salınıb, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.

Mərasimdə Mahmud Həmzəyevin həyat və xidmət yolu haqqında danışılaraq bildirilib ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.

Qeyd olunub ki, general-mayor Mahmud Həmzəyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.

11:31

Ehtiyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev vəfat edib.

Teleqraf.com xəbər verir ki, general-mayor bu gün 2-ci Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, Mahmud Həmzəyev Beyləqan korpusunun sabiq komandiri olub. O, 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.

2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər