“Fransadan Ermənistana verilən silahlar Azərbaycana qarşı istifadə edilmək üçün nəzərdə tutulub”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Ermənistan beynəlxalq müstəvidə Azərbaycana qarşı aqressiv ritorikanı davam etdirir:
“Bölgədə müharibə gərginliyini saxlayan əsas faktor Qərbin regionda Ermənistan üzərindən yürütdüyü anti-Rusiya siyasəti ilə bağlıdır. Eləcə də Qərb Türkiyənin Cənubi Qafqaz-Mərkəzi Asiyada xəttində güclənməsindən narahatdır. Qərb Ermənistanda güclənməklə Cənubi Qafqazda balans yarada biləcəyini düşünür. Amma hələ də Rusiyanın bölgədəki forpostu rolunu oynayan Ermənistan bir gün onu yarı yolda qoya bilər. Belə də olacaq, şübhəm yoxdur.
Cənubi Qafqazda ciddi geosiyasi proseslər gedir. Fransa Avropa Birliyini Ermənistana siyasi dəstək verməyə sövq etməklə yanaşı, Ermənistanı silahlandırır. Ermənistanın silahlandırılması regionda yeni hərbi toqquşmaya yol aça bilər. Çünki Ermənistan yeni silahlar aldıqca, revanşizm siyasətini də inkişaf etdirir. Ermənistan beynəlxalq müstəvidə elə bir təəssürat yaratmağa çalışır ki, guya Azərbaycan bu ölkənin cənubunu - Zəngəzuru ələ keçirməyə çalışır. Eyni zamanda, Ermənistanın qondarma iddia və ittihamlarla Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etməsi, bu ölkənin sülhdən nə qədər uzaq olduğunu göstərir. Buna görə də Fransadan Ermənistana göndərilən silahlar Azərbaycana qarşı istifadə edilmək üçün verilir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın sülhdən yayınmasına görə Fransa və ona dəstək verən AB məsuliyyət daşıyır:
“Avropa Birliyi və Fransa Cənubi Qafqazda qüvvələr balansını dəyişməyə çalışır. Gürcüstanın da Ermənistanın silahlandırılmasına tranzit ölkəyə çevrilməsi Qərbin regionla bağlı təhlükəli siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, bu gəlişmələrdən sonra Azərbaycan Türkiyənin ölkəmizdə hərbi bazasının yaradılması istiqamətində addımlar atmalıdır. Çünki Fransa və Ermənistanın digər havadarları bölgədə Azərbaycana qarşı yeni oyun hazırlayırlar. Avropa Birliyinin Ermənistandakı müşahidəçilərinin sayını artırmaq istəyi də bundan irəli gəlir. Azərbaycanın bütün mümkün gəlişmələrə hazırlıqlı olduğunu düşünürəm”.