“Ermənistan kompromisə gəlməsə, Rusiya problemləri başqa yolla çözəcək”.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Arkadi Dubnov deyib.
Ekspertin Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT-nin Belarusda keçiriləcək sammitinə qatılmaqdan imtina etməsinə cavabı belə olub:
“Ermənistan-Rusiya münasibətlərində yeni fikir ayrılıqları görmürəm. Bu gün gördüyümüz hər şey köhnə parçalanmaların sübutudur. Ermənistan yaxın gələcəkdə özünü KTMT-nin bir hissəsi hesab etməyi dayandırsa belə, məsələ yaxın gələcəkdə bitməyəcək”.
Dubnov Ermənistanın MDB çərçivəsində keçirilən tədbirlərdən də yayınmasına diqqət çəkib:
“Bunlar İrəvanın Moskvaya qarşı ayrıca götürülmüş demarşı deyil. Bu onu göstərir ki, Ermənistan öz təhlükəsizliyi ilə bağlı MDB ilə əməkdaşlıqda heç bir məna görmür.
Ermənistan hesab edirsə ki, MDB, KTMT, Avrasiya İqtisadi Birliyinə üzvlük çərçivəsində üzərinə götürdüyü öhdəliklər onun Avropaya inteqrasiyasına mane olmur, deməli, belədir. Əgər bu proses adıçəkilən strukturların Ermənistanla əməkdaşlıq etməsinə mane olursa, bu onların problemidirsə, qoy İrəvana dəqiq izahat versinlər ki, ondan nə istəyirlər, hansı öhdəlikləri pozurlar. Kompromis tapılmasa, o zaman tərəflərdən biri qərar verməlidir. Amma həmişə nəzərə almaq lazımdır ki, belə hallarda Moskva 24 fevral 2022-ci ildə qəbul edilmiş qərara (Ukraynaya hücumu nəzərdə tutur – red.) əməl etməyə meyllidir”.
Politoloq qeyd edib ki, Ermənistan 44 günlük müharibəni uduzduqdan və Qarabağ məsələsinin yekun həllindən sonra da Rusiya ilə faydalı münasibətləri saxlamağa çalışır, ona iqtisadi cəhətdən alternativ tapmaq çətindir:
“Ermənistan yenə də axtarışda olacaq. Qərbdə onun təhlükəsizliyinə zəmanət verirlər. Belə bir problemin həll oluna biləcəyinə əmin deyiləm, amma belə bir şey olarsa, bu, postsovet məkanında münasibətlərdə dönüş nöqtəsi olacaq”.