16 Noyabr 2023 16:41
12 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brüssel və Vaşinqtonun məqsədi Ermənistanın KTMT-dən çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert ABŞ-ın anti-Azərbaycan siyasətinin mümkün nəticələrinə diqqət çəkib:

“ABŞ Dövlət Departamenti ermənipərəst konqresmenlərin yedəyində süründüyünə görə Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu itirmək üzrədir. Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda erməni həmkarı Ararat Mirzoyanla görüşdən imtina edib. Bu o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyindən imtina edə bilər.

Amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər. Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqda yalnız tənqidi fikirlər dinləmək istəyirlər. Bu baxımdan, Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər.

ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Konqresdəki çıxışında amerikalı diplomatların Bakıya səfərlərinin təxirə salındığını desə də, Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub. İl ərzində bir neçə dəfə Bakıya gəlib, Prezident İlham Əliyev və Ceyhun Bayramovla müzakirələr aparıb”.

Elxan Şahinoğlu hesab edir ki, Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır:

“Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsiylə Ermənistana dəstəyi artırmaq qərarı verib. Halbuki Brüssel və Vaşinqtonun məqsədi Ermənistanın KTMT-dən çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir. Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca bölgədə möhkəmlənmək imkanlarına zərbə vururlar və Rusiyanı sıxışdırmaq siyasətində Azərbaycanı itirirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər