Hacıbala Abutalıbov hövsanlılara söz veribmiş?
Bu gün Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında 118 saylı orta məktəbin qarşısında etiraza yığışıblar.
Verilən məlumatlara görə, valideynlərin narazılığına səbəb direktorun şagirdləri təhqir etməsi olub. Məktəbin 9b sinif şagirdləri bir aydır tarix müəllimlərinin olmadığını və dərslərdən geri qaldıqlarını məktəb direktoru Qardaşxan Səlimova bildirəndə direktor onlara müəllimin xəstə olduğunu söyləyib. Şagirdlər heç olmasa onun yerinə əvəzedici təyin edilməsini istəyiblər. Direktorun şagirdlərə: "Sizin atanız evdən bir yerə gedəndə yerinə əvəzedici qoyur?" cavabını verib, bu isə yeniyetmələri hiddətləndirib.
Qəsəbə sakinləri məktəb qarşısına toplaşaraq, direktorun vəzifəsindən çıxarılmasını istəyirlər, qarşıdurma yaranıb. Hövsan qəsəbə sakinləri bildiriblər ki, məktəb qarşısındakı qarşıdurmada bir oğlan ürəktutmasından ölüb.
Müsavat.com yazır ki, ölən şəxsin 21 yaşı var, əsgərlikdən bu yaxınlarda gəlib. Onu 11 saylı xəstəxananın morqundan çıxarıb evə aparıblar.
Hövsanlılar məktəbin qarşısından kəndin icra nümayəndəliyinin qarşısına toplanaraq direktorun cəzalandırılmasını tələb ediblər.
Suraxanı Rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis camaatı sakitləşdirmək üçün kənd ağsaqqalı ilə danışıqlar aparıb. Aksiya zamanı daha bir yaşlı adamın ürəyi gedib və onu xəstəxanaya aparıblar.
Məlumatlara görə, bir neçə gün əvvəl də Hövsan kəndinin 100-dən çox sakini sosial problemlərin həll olunması tələbi ilə kəndin icra nümayəndəliyinin qarşısından yeni poliklinikaya gedən əsas yolu bağlayıblar. Bildiriblər ki, kəndin yolları bərbad gündədir, yaz, payız, qış aylarında yağışlı havalarda məktəbə, uşaq bağçasına getmək mümkün olmur. Yaxın günlərdə olan yağmurlu havalardan sonra isə vəziyyət daha acınacaqlı duruma düşüb, hər tərəf gölməçə və palçıqdır.
Onlar bildiriblər ki, Qurban bayramı ərəfəsində kəndə gələn Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu problemin tezliklə həll olunacağına vəd etsə də, heç bir müsbət dəyişiklik olmayıb.
Bakı şəhər Təhsil İdarəsindən bildiriblər ki, hadisə ilə əlaqədar idarənin məsul şəxsləri hadisə yerində araşdırma aparırlar. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Arzu Tairquliyeva Teleqraf.com-a deyib ki, araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Suraxanı rayon icra hakimiyyətindən bildiriblər ki, hadisədən xəbərdardırlar. İH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsi Bərxudar Bərxudarov bu barədə mətbuata açıqlaması olacaq: “Ancaq hazırda Bərxudar müəllim 20 Yanvarla əlaqədar anım tədbirindədir. Tədbir başa çatdıqdan sonra onunla əlaqə saxlayın”.
Sevil HİLALQIZI