“Son gəlişmələr ABŞ-ın Cənubi Qafqazla bağlı uzunmüddətli strategiyasının olmadığını göstərdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
“Cənubi Qafqazın məhvər ölkəsi Azərbaycandır. Rəsmi Bakının bütün Xəzər hövzəsinə təsir imkanları var, Ermənistan isə yalnız geosiyasi mübarizədə adi piyada rolundadır və yalnız xarici dəstəklə fəallaşa bilir. Xüsusən orta perspektivdə regionda Ermənistan ancaq xarici təsirin daşıyıcısı olaraq qalacaq. On il əvvəl olduğu kimi, Gürcüstanın bölgədə ABŞ-ın əsas tərəfdaşı statusunu itirməsi hər an mümkündür. Ermənistanın müasir tarixi bu cür hadisələrlə zəngindir.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi və Nümayəndələr Palatasındakı dinləmələr Vaşinqtonun Cənub Qafqazla bağlı indiyə qədərki təcrübəni, strateji xətaları və regionun geosiyasi dinamikasını şərtləndirən əsas amilləri nəzərə alan uzunmüddətli strategiyasının olmadığını göstərdi. Açıq göründü ki, Vaşinqton situativ hərəkət edir, taktiki maraqlar ön plana çıxıb. ABŞ kimi qlobal gücün qısa zaman kəsiyində bu cür təzadlı siyasət sərgiləməsi gələcək uğursuzluğu şərtləndirir”, - ekspert bildirib.