21 Noyabr 2023 20:35
8 775
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ və Avropa İttifaqının Ermənistana siyasi-hərbi dəstəyi İrəvanı sülh müqaviləsindən yayınmağa sövq edir. Qərb Nikol Paşinyana Azərbaycana qarşı əlavə təkliflərlə çıxış etməyə zəmin yaradır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun fikrincə, ABŞ-ın Ermənistanın irəli sürdüyü “Sülh qovşağı” planını dəstəkləməsi göstərir ki, Vaşinqton ermənilərin istədikləri “sülh müqaviləsi”ndə maraqlıdır:

“Ermənistanın da istədiyi sülh yox, özü üçün əlverişli zəmin hazırlamaqdan ötrü Azərbaycana qarşı beynəlxalq təzyiqin artmasıdır.

Paşinyanın “Sülh qovşağı” adı ilə beynəlxalq təşkilatlara təqdim etdiyi plan regional kommunikasiyaların açılmasını da özündə ehtiva edir. Azərbaycan bu məsələ ilə bağlı mövqeyini çoxdan açıqlayıb. Amma Qərb və İranın təhriki ilə Azərbaycanın Zəngəzurdan keçən yollardan istifadəsinə qarşı çıxır. Ermənistanın planı Azərbaycanın milli maraqlarına ziddir. Belə bir vəziyyətdə Ermənistanın dəhlizlə bağlı verdiyi təhlükəsizlik təminatı bizim üçün etibarlı sayıla bilməz.

Rusiya da Paşinyanın “Sülh qovşağı” planı ilə razılaşmır. Çünki Ermənistan bununla yollara nəzarəti özündə saxlamağa çalışır, bu isə Rusiyanın marağında deyil. Mariya Zaxarova bir müddət əvvəl Zəngəzur dəhlizi ilə bağlı açıq mətnlə demişdi ki, nəzarət Rusiyada olmalıdır. ABŞ isə anlaşmaya baxmayaraq Ermənistanı təhrik edir ki, bununla razılaşmasın. Bir sözlə, dava dəhliz davasıdır”.

Məhəmməd Əsədullazadə hesab edir ki, “Sülh qovşağı” Vaşinqtonun regional siyasətinə daxil olan projedir:

“ABŞ bununla Rusiyanı dəhlizdən kənarda saxlamağa, son nəticədə isə sıxışdırıb Ermənistandan çıxarmağa çalışır.

ABŞ Qarabağ münaqişəsinin bitmədiyi iddiasını da davam etdirir. Amerikanın məqsədi budur ki, ermənilərin Qarabağa onun və ya beynəlxalq müşahidəçilərin nəzarətində qayıtsınlar. Bu baxımdan, ABŞ-ın “Rusiya sülhməramlılarının dəyişdirilməsi” tezisi təsadüfən gündəmə gətirilməyib. Regiona soxulmağa çalışan ABŞ yerdə hərtərəfli mövqe qurmağa çalışır. Bir müddət öncə Senatda “dağlıq qarabağın gələcəyi” adlı bədnam dinləmələrin keçirilməsi təsadüfi deyil.

Bütün bunlar ABŞ-ın bölgədə sülhdə maraqlı olmadığını göstərir. Əgər ABŞ-ın niyyətindəki sülh olsaydı, son iki ildə göstərdiyi vasitəçilik təşəbbüsündə buna nail olardı. Bu iki ildə ABŞ-ın sülhdən yayınan Ermənistana təzyiqini görmədik. Görünür, nə ABŞ, nə də onun oyununda həvəslə alət olan Ermənistan sülhdə maraqlıdır. ABŞ-ın Qarabağa girmək cəhdlərinə gəlincə, məncə, ABŞ da bunun qeyri-mümkünlüyünün fərqindədir. Sadəcə bununla bağlı yaratmaq istədiyi süni gündəmdən yararlanaraq, Rusiyaya qarşı qurduqları oyunda Azərbaycandan da istifadə etməyə çalışırlar. Amma Azərbaycan bu oyuna getmir. Getmədiyi üçün də təzyiq və təhdidlərlə üzləşir.

ABŞ-ın Cənubi Qafqazla bağlı konkret planını olmadığını düşünürəm. Nəbz yoxlayırlar, səyləri nəticə vermədikdə dayanacaqlar, bir müddət isə davam edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər