İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Bakıda Əmək Mərkəzinin açılış sessiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.
Bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib.
Mərkəzin əsas fəaliyyət istiqamətləri əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsi, əmək sahəsində fəaliyyətin əlaqələndirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasının təşviq edilməsi olacaq.
İƏT-in Baş katibi Hissein Brahim Taha çıxış edərək yeni yaradılan Əmək Mərkəzinin üzv ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini və uğurla fəaliyyət göstərəcəyinə əminliyini diqqətə çatdırıb.
Sonra əmək nazirləri konfransının nazirlər sessiyasına hazırlıq iclasında müəyyən olunmuş namizədlər səsə qoyulub və İƏT Əmək Mərkəzinin Baş Assambleyasına sədrlik Azərbaycan Respublikasına həvalə olunub, müavinləri isə Səudiyyə Ərəbistanı Krallığı seçilib.
İclasın davamında toplantının gündəliyi və işçi proqramının, İƏT Əmək Mərkəzi Katibliyinin aralıq təşkilati strukturunun, Baş Assambleyanın Qətnamə layihələrinin qəbul olunması, İƏT Regional Qrupları adından çıxışlar edilməsi, hazırlıq iclasının hesabatının təqdimatı, İƏT Əmək Mərkəzinin İdarəetmə Şurasının sədri və tərkibinin, Mərkəzin Katibliyinin Baş direktorunun seçilməsi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin çıxışları nəzərdə tutulub.
***
10:41
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində Əmək Mərkəzinin açılış sessiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, sessiya "Qurani-Kərim"dən ayələrin oxunması ilə başlayıb.
Tamhüquqlu beynəlxalq təşkilat statusuna malik olacaq Əmək Mərkəzinin yerləşdiyi ölkənin Azərbaycan olduğu nəzərə alınaraq tədbiri Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev giriş sözü ilə açıb.
Nazir bildirib ki, 2013-cü ilin aprel ayında İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 2-ci konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib.