Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransa və ABŞ-dan daha “irəli” getdi.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Kreml sahibi Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İL-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdırmasının anlamı nədir? Qarabağ ermənilərinin Rusiyadan göndərilən ərzağa, ədyala, yorğan-döşək dəstinə o qədərmi ehtiyacı var? Qarabağ erməniləri iki aya yaxndır bölgəni tərk edib və Ermənistanın müxtəlif bölgələrində yerləşiblər. Ermənistan hökuməti onlara maliyyə və ərzaq yardımı ayırıb. Üstündən bu qədər müddət keçdikdən sonra Kremlin Qarabağ ermənilərinə yardım göndərməsi Azərbaycana xoş olmayan mesajdır.
Görünür, kremldəkilərin Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidlərini itirməyiblər. Rusiya Birinci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüzminlərlə azərbaycanlıya o illərdə yardım etdimi? Xatırlamıram. Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransa və ABŞ-dan daha “irəli” getdi”, - ekspert bildirib.