İspaniyanın Kalpe şəhərində Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun, həmçinin Bakı 2015 ilk Avropa Oyunlarına hazırlaşan dağ velosipedi üzrə yığma komandamızın qış hazırlıqları start götürüb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, təlim-məşq prosesinin ilk günündə velosipedçilər məşqə çıxmazdan öncə qollarına qara sarğı bağlayaraq 20 Yanvar şəhidlərinin ruhuna olan ehtiramlarını bildiriblər.
Federasiyanın baş katibi Fərhad Əliyev "Synergy Baku"nun yeni üzvlərinə 20 Yanvar faciəsi barədə məlumat verib, sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
İlk məşq günü velosipedçilərimiz dağ yolları ilə 200 km-ə yaxın məsafə qət ediblər. Təlim-məşq toplantısı yanvarın 30-dək davam edəcək.