Azərbaycanın Moskvadakı səfirliyində Qanlı Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş matəm mərasimi keçirilib. Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunun təqdimatı olub.
Layihənin rəhbərləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.Mərasim iştirakçıları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin barelyefi önünə çiçəklər düzüblər. Foyedə şəhidlərin soyadlarının siyahısından ibarət stendin qarşısına da çiçəklər qoyulub.
Şahidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Matəm tədbirini açan Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu 25 illik tarixi olan hadisələrə qısa ekskurs edərək vurğulayıb ki, həmin müdhiş gecədə keçmiş Sovet İttifaqının rəhbərliyi vəziyyətə nəzarəti itirərək misli görünməmiş addım atıb - Bakıya qoşun, ağır texnika yeridilib.
Həmin gecə 147 dinc sakin ölüb, yüzlərlə insan yaralanıb. Həlak olanların sırasında müxtəlif millətlərin və dinlərin nümayəndələri olub.Səfir deyib: “Bu hadisə Azərbaycan xalqı üçün son nöqtə oldu. Çoxları başa düşdü ki, belə ölkədə yaşamaq olmaz. Ölkə üçün məhz belə çətin anda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də bu binaya gəlib və baş verənləri ilk dəfə cinayət adlandıran siyasi bəyanat verib.
Sovet İttifaqı dövründə totalitar rejimə qarşı durmaq və ölkə rəhbərlərinin cinayətkar olduğunu ucadan demək üçün böyük cəsarət lazım idi. Bu cəsarəti Heydər Əliyev göstərib”. Səfirliyin zalında qanlı yanvar gecəsində həlak olanların fotoşəkilləri nümayiş olunub. Səfir şəhidlərin xatirəsini ayaq üstə yad etməyi təklif edib.P.Bülbüloğlu xüsusi qeyd edib ki, ölkə rəhbərliyi hər il dövlət səviyyəsində qeyd olunan bu hadisəyə böyük əhəmiyyət verir.
Azərbaycan xalqına qarşı sovet qoşunlarının azğınlığından, informasiya blokadası ilə əlaqədar yaranmış çətinliklərdən danışan səfir vurğulayıb ki, Azərbaycanda 1990-cı il hadisələrini bugünkü Rusiya ilə əlaqələndirmirlər. P.Bülbüloğlu qeyd edib: “Bu hadisələr Sovet İttifaqında baş verib. Bunu rus xalqı yox, Sovet İttifaqının rəhbərləri ediblər.
Bakıda Şəhidlər xiyabanı var və müxtəlif ölkələrin ən yüksək vəzifəli rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin bu xiyabana gedərək əklil qoyublar. Bu hadisələr Azərbaycan hökumətində, ictimaiyyətində, diplomatiyasında bizim rus xalqı, rus mədəniyyəti və müstəqil Rusiya Federasiyası ilə münasibətlərimizə təsir edən iz qoymur”. Polad Bülbüloğlu tədbirdə iştirak etdiklərinə və bu məsələdə ölkəmizi dəstəklədiklərinə görə xarici dövlətlərin səfirlərinə və diplomatik missiyanın nümayəndələrinə təşəkkür edib.
Azərbaycanın Rusiyadakı səfiri həmçinin 4 dildə buraxılmış və Qanlı Yanvarın 25-ci ildönümünə həsr edilmiş “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomunu təqdim edib. Qeyd edib ki, bu, fundamental kitabdır, nəşrdə 20 yanvar hadisələrini əks etdirən nadir fotoşəkillər və materiallar yer alıb. P.Bülbüloğlu deyib:
“Bu şəkillərə baxmaq ağrı və əzab gətirir, lakin biz bunu yaddan çıxarmamalıyıq”. İştirakçılar kitabla maraqla tanış olublar və vurğulayıblar ki, Azərbaycan Prezidenti Administrasiyasının və AzərTAc-ın yeni layihəsində Azərbaycan xalqının azadlıq mübarizəsi, həmin ağır günlərdə böyük lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğına ilk olaraq etiraz səsini ucaltması, eləcə də ölkəyə rəhbərliyi dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, Prezidenti İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar öz əksini tapıb.
Mərasimdə Moskvada Azərbaycan İctimaiyyətinin etiraz aksiyalarının iştirakçısı, tərcüməçi və publisist İlham Bədəlbəyli, Azərbaycan Yazıçılar birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu çıxış ediblər. Vurğulayıblar ki, azərbaycanlılar öz azadlığı və müstəqilliyi uğrunda keçmiş ittifaqın digər xalqlarından daha çox qurban veriblər. Onlar tədbir iştirakçılarının diqqətini Azərbaycan xalqının ədalətli mövqeyinə, bu faciəyə ədalətli mənəvi və hüquqi qiymətin verilməsinin zəruriliyinə yönəldiblər.
Sonra Yanvar faciəsi haqqında sənədli film nümayiş olunub.Mərasimdə səfirlər, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin nümayəndələri, eləcə də Rusiya ictimaiyyəti nümayəndələri iştirak ediblər.Sonda səfirlik tərəfindən ehsan verilib.