14 Dekabr 2023 11:10
1 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İlin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamaq istəyirik”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, hakim partiyanın deputatı Sərkis Xandanyan deyib.

Hərbçilərin qaytarılmasından danışan deputat bildirib ki, bu məsələ ilə bağlı danışıqlar birbaşa, ikitərəfli, vasitəçisiz aparılıb:

“Danışıqlar birbaşa Azərbaycan prezidenti və Ermənistan baş nazirinin aparatları arasında olub”.

Xandanyan Azərbaycanla birbaşa danışıqları “təhlükəli” hesab edən parlament müxalifətinə təpki göstərib:

“Sual konkret humanitar məsələdən gedirdi, bu humanitar məsələnin birbaşa danışıqlar yolu ilə həllini tapmaq imkanı vardı. Bu, çox həssas mövzudur. Artıq üç ildir həm müxalifət, həm də məhbusların yaxınları bizdən soruşurlar ki, niyə bu məsələ həll olunmur. Ermənistan gördü ki, birbaşa danışıqlar yolu ilə həllə gələ bilər və bu addımı atdı”.

Sülh danışıqlarının da vasitəçisiz bağlanıb-bağlanmayacağı ilə bağlı suala komitə sədri belə cavab verib:

“Effektivlik vacibdir, Ermənistanın irəli sürdüyü, razılaşmaların olduğu fundamental məsələlərin sülh sazişində öz əksini tapması vacibdir. Bu razılaşmalar müəyyən formatlarda, Vaşinqton və Brüssel danışıqlarında, ölkə rəhbərləri səviyyəsində əldə olunub. Bu məntiqlə davam etmək bizim üçün vacibdir”.

İki ölkənin nümayəndələrinin sərhəd məsələsi ilə bağlı Qazaxdakı son müzakirələrinə toxunan Xandanyan söyləyib ki, yaxın vaxtlarda daha bir görüş olacaq. O, son danışıqlarda bəzi məsələlərin razılaşdırıldığını vurğulayıb.

Sərkis Xandanyan azərbaycanlıların Ermənistana qayıdışı ilə bağlı deyib ki, bu mövzu sülh danışıqların gündəliyində deyil, bu, “mübahisəli məsələ”dir:

“Ola bilsin ki, gələcəkdə həll edilməli olan məsələdir, amma bu, iki dövlət arasında münasibətlərin tənzimlənməsi üçün ilkin şərt deyil”.

Deputatın iki ölkə arasında sülh müqaviləsinin ilin sonunadək imzalanıb-imzalanmayacağı sualına cavabı belədir:

“Buna meylliyik, top Azərbaycanın meydanındadır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər