Azərbaycan-Ermənistan münasibətləri kontekstində bir çox irəliləyişlər var.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, bu irəliləyişlər yaxın zaman çərçivəsində bəzi razılaşmalara gətirib çıxara bilər:
“Bu kontekstdə kommunikasiyaların açılması məsələsi də gündəmdədir. Hətta Ermənistan Baş naziri Nikol Paşinyan da kommunikasiyaların açılması ilə bağlı artıq hazır olduğunu bildirdi. Bu da onu göstərir ki, bəzi məsələlərlə bağlı artıq Azərbaycanla Ermənistan arasında elə bir ciddi problem qalmayıb. Kommunikasiyaların açılması kontekstində orta dəhlizin tərkib hissəsi olacaq Zəngəzur dəhlizi məsələsi xüsusi önəm daşıyır. Çünki burada təkcə Azərbaycan yox, eyni zamanda Türkiyə də maraqlıdır. Bu məsələlər içərisində bir də ABŞ-nin geosiyasi maraqları var. Bu məsələ ABŞ dövlət katibinin müavini Obraynın Azərbaycana səfəri çərçivəsində də müzakirə predmeti olub. Düşünürəm ki, bu prosesin içərisində Qafqazda olan bütün kommunikasiya sistemlərinə - istər Gürcüstan, ya da Ermənistan vasitəsilə mövcud açılacaq yollara dolayısı ilə ABŞ nəzarət etmək istəyir. Çünki ABŞ-nin orta dəhlizin Çindən yox, Qazaxıstandan başlaması ilə bağlı fikri müəyyən şübhələr yaradır. Bir kəmər, bir yol layihəsi çərçivəsində Çinin geosiyasi və geoiqtisadi maraqlarının üstündən xətt çəkmək üçün ABŞ bu yöndə ciddi hərəkətə keçib. Bu məsələ, eyni zamanda Ermənistanın kommunikasiyaların açılması ilə bağlı açıqlaması da müəyyən müsbət fikirlər yaratmaqla bərabər, bir sıra şübhələrə də yol açır. Çünki ABŞ-nin gələcək perspektivdə Ermənistanı Aralıq dənizi vasitəsilə Hindistan üzərindən, Yaxın Şərq, Avropaya çəkiləcək yeni bir ticarət dəhlizinə qoşmaq fikri də mövcuddur.
Natiq Miri bildirib ki, paralel olaraq Yaxın Şərq, İsrail, Türkiyə, Azərbaycan münasibətləri də mühüm rol oynayır:
"Hakan Fidanın səfəri çərçivəsində bu məsələ də diqqətdən kənarda qalmayacaq. Çünki Azərbaycan hər zaman Türkiyə ilə İsrail arasındakı münasibətlərin tənzimlənməsi prosesində fəal və aparıcı rol oynayıb. İndiki münasibətlərin tamamilə gərgin müstəvidə olduğunu nəzərə alsaq, bu məsələlərin diqqətdən kənarda qalmayacağını düşünürəm. Ermənistanın altıncı dəfə təqdim etdiyi sülh mətnini Azərbaycan diqqətlə nəzərdən keçirir. Ermənistan mediası, eyni zamanda Nikol Paşinyanın xüsusi işləri üzrə səfiri Edmon Marukyanın da açıqlaması var ki, guya gələn ilin yanvarında Ermənistan, Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü baş tuta bilər. Bu kontekstdə guya Azərbaycanın artıq razılığı var. Əgər belə olarsa, bu, son sülh mətninin razılaşdırılması kimi də yozula bilər. Bu da onu göstərir ki, tərəflər sülhə o qədər də uzaq deyillər. Hakan Fidanın Azərbaycana gəlişi haqda düşünürəm ki, bu, özündə çox ciddi məsələlərin müzakirəsini ehtiva edir. Bütün bu məsələlər Türkiyə ilə koordinasiya olunaraq yürüdülür.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi baş tutduğu təqdirdə Türkiyə-Ermənistan münasibətləri də yeni müstəviyə keçəcək. Əgər Azərbaycanı qane edəcək sülh müqaviləsi ortada olarsa, bundan sonra Türkiyə-Ermənistan münasibətlərinə də yumşaqlıq gələcək. Bu münasibətləri tənzimləmək yolunda konkret qərarlar və addımlar atılacaq. Bu məsələ də müzakirə predmeti olacaq. Bir cümlə ilə ifadə etsək, Hakan Fidanın Azərbaycana səfəri yaxın zamanda yəni gələn il ola bilsin baş verə biləcək hadisələrin bütövlükdə təhlili, qarşılıqlı olaraq razılaşdırılması və koordinasiyası ilə əlaqəlidir. Düşünürəm ki, bu, çox əhəmiyyətli səfərdir”.