“Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Ermənistan ABŞ-nin təlimatı ilə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Əlbəttə, Ermənistanın bu məsələdə təkbaşına qərar verəcək siyasi iradəsi yoxdur. İndi ABŞ Ermənistanı məcbur edir ki, Azərbaycanın ikitərəfli danışıqlar təklifini qəbul etsin və sülh müqaviləsini imzalasın. Vaşinqton bir müddət Ermənistanın iddialarından çıxış etsə də, sonradan anladı ki, bununla Cənubi Qafqazdakı məqsədlərinə nail ola bilməyəcək”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ sülh sazişini Cənubi Qafqazdakı mövqelərinin gücləndirilməsi kontekstində nəzərdən keçirir:
“ABŞ məqsədlərinə nail olmaq üçün Azərbaycana təzyiq siyasətindən geri çəkib. Hesab edirəm ki, dövlət katibi Entoni Blinken praqmatik siyasətçidir və Azərbaycanın ölkəsi üçün önəmini anlayır.
Gələn ay Vaşinqtonda xarici işlər nazirlərinin görüşü baş tutsa, sülh müqaviləsi ilə bağlı həll edilməyən maddələr müzakirə ediləcək. Sülh müqaviləsi bağlansa, Ermənistan tərəfindən qarant ABŞ, Azərbaycan tərəfdən isə Türkiyə ola bilər. Ermənistan da ABŞ-nin hansısa formada sülh müqaviləsinin imzalanmasında iştirakını istəyir. Azərbaycan isə Amerikanın təktərəfli iştirakına razı deyil. Bu baxımdan, ortaq məxrəcə gəlmək üçün Türkiyə masada ola bilər”.