26 Dekabr 2023 23:56
2 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan rəhbərliyi qondarma qurumu buraxan separatçı Samvel Şahramanyanın bununla bağlı “fərman”ını geri götürməsini istəmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni jurnalist Andranik Arutyunyan bildirib.

“Şahramanyana təzyiqlər getdikcə güclənir. Ermənistan rəhbərliyi ona təzyiq edir ki, yanvarın 1-dək ümumiyyətlə çıxış etməsin, sentyabrda imzaladığı “fərman”ının ləğvi barədə açıqlama verməsin, üstəgəl, bu qərarı ilə bağlı əvvəlki mövqeyini bir daha aydın şəkildə təkrarlasın. Demək olar ki, Şahramanyandan başqa bütün partiyalar bu məsələ haqda danışıblar. Məlumdur ki, Şahramanyan belə bir bəyanat verəcəyi təqdirdə dərhal Paşinyan və hökuməti güclü təzyiqə məruz qalacaq və çətin vəziyyətə düşəcək”, - jurnalist bildirib.

Arutyunyan vurğulayıb ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsinin yenidən gündəmə çıxarılmasında maraqlı deyil.

Onun sözlərinə görə, İrəvan Azərbaycanın bağladığı bu məsələnin Ermənistanda da bağlanması üçün əlindən gələni əsirgəmir.

Şahramanyanın məlum “fərman”ına əsasən, yanvarın 1-də separatçı qurumun Ermənistandakı fəaliyyəti dayandırılacaq. Azərbaycan artıq öz ərazisində onun fəaliyyəti və mövcudluğuna son qoyub.

Ötən günlərdə Samvel Şahramanyanın həmin “fərman”ını ləğv edən “qərar” imzaladığı, yanvarın 1-dək bəyanatla elan edəcəyi barədə məlumat yayılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər