ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri Bil Şuster 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Konqresmen 1990-cı il yanvarın 20-də 26 min nəfərdən ibarət ağır silahlı sovet hərbi birləşməsinin Bakıda dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini, nəticədə yüzlərlə insanın həlak olduğunu və yaralandığını bildirib.
Teleqraf.com-un məlumatına görə, B.Şuster bu hadisəni kommunist rejiminin çökməsinin qarşısını almaq üçün SSRİ-yə daxil olan digər respublikalara xəbərdarlıq kimi dəyərləndirib.
Konqresmen 20 Yanvar hadisəsinin Azərbaycan xalqını daha da birləşdirdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini diqqətə çatdırıb. B.Şuster, həmçinin ABŞ ilə davamlı dostluğa görə Azərbaycan xalqına təşəkkürünü ifadə edib.