ABŞ Cənubi Qafqazdakı gəlişmələri, xüsusən də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı gedən prosesi nəzarətindən kənarda saxlamaq istəmir.
Bunu Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında sülh müqaviləsi üzrə müzakirələri Teleqraf.com-a şərh edən politoloq Natiq Miri deyib.
Onun sözlərinə görə, Türkiyə həm regionda, həm də qlobal səviyyədə geosiyasəti çox gözəl anlayır:
“Hər halda ABŞ istəklərini, sülh prosesini və həmin sənədin gələcək perspektivdə harada imzalanması ilə bağlı məsələlərdə fikrini Türkiyəyə çatdırıb. Dolayısı ilə Türkiyəni razı salıb, bunun həyata keçirilməsini təmin etmək istəyir. Amma bunun üçün mütləq mənada zəmin və ciddi əsaslar olmalıdır. Eyni zamanda, ABŞ-nin prosesə, xüsusən də Azərbaycana münasibəti dəyişməlidir. Bunun baş verməsi üçün ABŞ Azərbaycanla təzyiq dilində danışmaqdan imtina etməlidir. Son hadisələr onu göstərir ki, ABŞ hələ də Azərbaycana təzyiq siyasətindən geri durmayıb. Bu, davam etdikcə, nəinki sülh müqaviləsinin Vaşinqtonda imzalanması, heç xarici işlər nazirləri səviyyəsində danışıqların baş tutacağını düşünmürəm. Belə bir durumda bu ehtimal sıfıra bərabərdir.
ABŞ dar məqamda həm İsrail-HƏMAS, həm də Ukrayna-Rusiya məsələləri ilə məşğuldur, həmçinin Azərbaycan-Ermənistan məsələsini müzakirə edir. Demək ki, bu, hələ də ABŞ üçün həssas məsələ olaraq qalır”.
Politoloq qeyd edib ki, Amerikada Rusiya-Qərbin qarşıdurması kontekstində Moskvanın məğlubiyyəti, bütövlükdə bütün kritik regionlarda Kremlin tam sıxışdırılması yönündə ciddi qərarlar qəbul edilib: “Artıq ABŞ bu məqsədinə əməldə çatmaq istəyir. Bu baxımdan, Ukrayna-Rusiya cəbhəsində baş verənlər Cənubi Qafqaz və Orta Asiyaya da sirayət edə bilər. Yəni Cənubi Qafqazda baş verənləri Ukrayna-Rusiya qarşıdurmasının proyeksiyası kimi düşünün. Ona görə Blinken bu məsələni ciddi şəkildə Hakan Fidanla müzakirə edib”.