9 Yanvar 14:40
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin ilkin mətnini radikal müxalifətin nümayəndələri ilə tanış edib. Bu, Baş nazir Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilib. Paşinyanın məqsədi aydındır. Əvvəlcədən sülh sazişinin mətnini rəqibləriylə tanış edib ki, sənəd imzalanandan sonra “bundan xəbərimiz yox idi”, “sənəd məxfi hazırlanıb” kimi ittihamların əsası olmasın.

Radikal müxalifət sülh sazişinin mətni ilə tanış olduqdan sonra Paşinyandan tələb edəcəklər ki, o Ermənistanın məğlubiyyəti kimi qiymətləndirdikləri sazişə imza atmasın. Belə olarsa, Paşinyan da radikal müxalifətə bu sualla müraciət edəcək: “Başqa təklifiniz varmı?”

Paşinyan radikal müxalifətə izah etməyə çalışacaq ki, sülh sazişinin imzalanması yubansa, bu, bölgədə yeni müharibə riskini artıracaq və bu, Ermənistan üçün yeni fəlakətlər gətirəcək”, - ekspert bildirib.

Elxan Şahinoğlu hesab edir ki, bütün hallarda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayıb: “Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdır, sülh sazişinin əsasını bu bənd təşkil edəcək.

Ermənistanın radikal müxalifəti zəifdir, ictimai rəydə dəstəyi azdır. Ona görə Paşinyan radikal müxalifətə boylanmadan sülh sazişini imzalaya bilər. Bu, həm də İkinci Qarabağ Müharibəsindən dərs alan Ermənistan cəmiyyətinin əksər hissəsinin sifarişidir.

Paşinyan Xarici İşlər Nazirliyində bu qurumun 2023-cü ildəki fəaliyyəti haqda hesabatın müzakirəsi zamanı “xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir” cümləsi də onun sülh sazişini imzalamağa hazırlaşmasından xəbər verir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər