Yunanıstan Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyir.
Teleqraf.com xəbər verir ki, bunu İrəvanda səfərdə olan Yunanıstan xarici işlər naziri Yorqo Gerapetritis deyib.
Yunanıstanın baş diplomatı çıxışında Azərbaycan əleyhinə təxribatçı fikirlərə yer verib. O, Azərbaycanın öz ərazilərini azad etməsini “təcavüz” adlandırıb və uzun illər ərazimizdə separatizmlə məşğul olmuş ermənilərə qahmar çıxıb, onlara yardım sözü verib.
“Yunanıstan güc tətbiqini və təcavüzü istisna edir”, - deyən nazir həmçinin saxlanılan hərbçilərin ikitərəfli azad edilməsi və dialoqun davam etdirilməsi kimi müsbət addımları dəstəklədiyini vurğulayıb.
“Sülhə nail olmaq üçün danışıqların bərpasına ümid edirik. Regionda uzunmüddətli sabit sülh və qonşularla mehriban münasibətlərin qurulması zəruridir”, - Gerapetritis bildirib.
Bundan başqa, yunan nazir Ermənistanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsinə dəstək verib.
Gerapetritis “qarabağlı ermənilərin ehtiyacları”na verdiyi əhəmiyyəti bir daha vurğulayaraq, Ermənistanı həm humanitar proqramlarda, həm də sülh prosesində dəstəkləməyə hazır olduğunu qeyd edib.
“Hər bir məsələdə bizə arxalana bilərsiniz”, - yunan nazir söyləyib.
Gerapetritis İrəvanın “Qarabağda xristian abidələrinin qorunması” təxribatına açıq dəstəyini də ifadə edib.
Onun sözlərinə görə, Afina YUNESKO ilə əməkdaşlıq çərçivəsində bu məsələ üzərində işləmək niyyətindədir: “Yunanıstan Qarabağda xristian abidələrinin qorunub saxlanmasını açıq şəkildə dəstəkləyir və YUNESKO-nun “mümkün təhlükələri” müəyyən etməsini istəyir", - nazir bildirib.
Yunan nazir İrəvanla Bakı arasında aparılan danışıqlara toxunaraq Yunanıstanın dialoqa inandığını bildirib: “Tərəflər dialoqda olmalıdır. Sülh prosesi konkret məsələləri həll etməlidir”.