20 yanvar şəhidlərinin 40 mərasimində Şəhidlər xiyabanına üz tutan o vaxtki Xarici Dillər Universitetinin prorektoru, məşhur tərcüməçi-alim Çərkəz Qurbanlı ziyalılara təklif edir ki, Sovet imperiyasına etiraz olaraq Tiflisə piyada yürüş edilsin.
20 yanvar 1941-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olan Çərkəz Qurbanlı 20 yanvar qırğınına görə dərin məyusluq keçirir, əllərində qərənfil dəstələri ilə şəhidlərimizin məzarını ziyarət etməyə gələn gürcülərə dəstək verməyin vacibliyini dilə gətirir, elə Şəhidlər xiyabanında bu təkliflə çıxış edir. Bu etiraza iki nəfər qoşulur, beləcə üç azərbaycanlı Bakıdan Tiflisədək piyada yürüş edir...
Həmin dövrdə böyük əks-səda yaradan yürüşün detalları haqda qızı, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlı Teleqraf.com-a danışıb.
“Tiflisə yürüş barədə atam ani qərar verib, gürcüləri görən kimi...”
“Atamgil Şəhidlər xiyabanında olanda bir qrup gürcü əllərində gül şəhidlərimizi anmağa gəlibmiş. 1989-cu ildə Sovet qoşunları Gürcüstanda da faciə yaşatmışdı, gürcülər, o cümlədən orada yaşayan həmvətənlərimiz şəhid olmuşdular. Atam gürcüləri görüb deyibmiş ki, onlar bizə gül gətirirlər, şəhidlərimizi yad edirlər, biz niyə heç nə etmirik. Sabiq baş nazir, o zaman Dillər Universitetində dekan olan Novruz Məmmədov soruşub ki, axı biz nə edə bilərik, əlimizdən nə gəlir?.. Atam ani qərar verib və təklif edib ki, Bakıdan Tiflisə etiraz yürüşü edək. Deyib günü sabahdan piyada yola düşək ki, Gürcüstandakı hadisələrin ildönümü, 9 aprel tarixinə özümüzü Tiflisə çatdıraq. Atamın təklifinə hamı təəccülənib, deyib kim gedirsə, sabah Tbilisi prospektinə gəlsin və yürüşə başlayaq. Bütün müəllimlər bir-birinin üzünə baxıb, atam deyib mən orada olacağam, gələn gəlsin, kimsə gəlməsə də etiraz yürüşümü təkbaşıma edəcəyəm. Novruz müəllim deyib mən də gələcəyəm. Biz bütün bu olanlardan sonradan xəbər tutduq. Atam evə gəlib xəritəni götürdü, fikirləşməyə başladı, nələrsə çəkirdi, biz də başına yığışmışdıq. Mənim 13 yaşım vardı, qardaşlarımla atamın yanına gəlib soruşduq ki, ay ata, nə edirsən? Dedi mənə mane olmayın, sonra cavab verəcəyəm. Anama dedi ki, Səlminaz, qışlıq nə geyimim varsa, sumkaya yığ, yola çıxıram. Fövqəladə hal elan olmuşdu, məəttəl qaldıq ki, belə vəziyyətdə axı hara gedir. Söylədi ki, Tiflisə yürüşə gedirəm. Anam dedi nə yürüş, bu nə qərardır, belə məqamda yürüş olarmı? Dedi ani verilən qərardır, sabah artıq yola düşürəm. Soruşduq kimlə gedirsən, dedi Sərvanla. Sərvan Məmmədov da bizim qonşumuz idi. Keçmiş “İnqilab” küçəsində həyət evində yaşayırdıq, məhəlləyə gələndə qonşulara da gedəcəyini söyləyib, Sərvan dayı deyib mən də sizinlə gəlirəm. Atam bizə dedi ki, Sovet rejiminə qarşı etiraz yürüşüdür. Qardaşlarım dedi biz də qoşuluruq. Atam icazə vermədi ki, yox, siz bu dəfə getmirsiniz”.
“Azadlıq meydanına daxil olanda artıq atamın əlində çəlik var idi”
Nərgiz Qurbanlı deyir ki, Çərkəz Qurbanlı mitinqlərə ailə üzvlərini də aparırmış: “Meydanlarda böyümüşük. Xatırlayıram, indiki Azadlıq meydanındakı mitinqlərə gedirdik. Qara lentləri kəsib kimimiz başımıza, kimimiz qolumuza bağlayırdıq. Biləyimizə, başımıza “Qarabağ” şüarı yazırdıq. Meydanlara gedəndə azuqə götürürdük, elə olurdu biz evə qayıdırdıq, atam orada gecələyirdi, çox soyuq idi, tonqallar qalanırdı. Anam atamı nə qədər fikrindən daşındırmağa çalışsa da, Tiflisə yürüşdən vaz keçmədi. Atamın bütün qərarları kimi bu qərarına da sayğı ilə yanaşdıq. Səhərə qədər yatmadıq, hamımız dilxor olmuşduq, atam “Azərbaycanfilm” kinostudiyasının rejissoru Xamis Muradova da məlumat vermişdi, Xamis müəllim başda olmaqla bir heyət də maşınla yola düşdülər. Atamgil piyada, onlar maşınla 19 gün yol getdilər, çəkilişlər etdilər. Yürüşlə bağlı “Şəhidlərdən şəhidlərə” sənədli filmi ərsəyə gəldi. “Drujba” kinoteatrında bir dəfə bizim də iştirakımızla nümayişi oldu, amma sonra filmi əldə edə bilmədik. Atam həmişə olduğu kimi təvazökar davranırdı, deyirdi o yürüşü göstəriş üçün etməmişəm, kaseti neyləyirsiniz. Bu yaxınlarda çox çətinliklə Xamis müəllimi tapdım, diski əldə etdim. İlk dəfə o filmə kinoteatrda baxmışdıq, atam yanımda idi, artıq ikinci dəfə baxanda tamam fərqli hisslər keçirdim. Yaş fərqi də var, o vaxt uşaq idim, bir çox şeyləri o qədər də dərk etmirdim, filmdə də görünür ki, Tiflisdə Azadlıq meydanına daxil olanda artıq atamın əlində çəlik var idi. Oradakı həkimlər atamın mazollarını kəsir, iynə vururlar. Onların çəkdikləri o acıları indi daha yaxşı duyuram. Xamis müəllim də maraqlı xatirələr danışdı, dedi yol boyu onları elə coşqu ilə qarşılayırdılar ki. Amma sənədli film olduğundan hamısını lentə ala bilmədik, yaxud montaj etməli olmuşduq. Yağış, soyuğa baxmayaraq üç nəfər piyada Tiflisə qəfər gedib çıxa bildi. Mən onlara qəhrəman deyərdim, Sovet rejiminə qarşı o qədər yolu piyada qət etdilər. Biz hər gecə “Azadlıq radiosu”ndan xəbər alırdıq. Həyət evində yaşayırdıq, balaca radiomuz vardı, frekansı da tutmaq çətin idi, Mirzə Xəzərin çox gözəl səsi vardı, onu dinləyirdik ki, üç nəfər Bakıdan Tiflisə etiraz yürüşünə çatıb. Ondan məlumat alırdıq ki, filan kəndə daxil olublar, kənd camaatı onları alqışlarla, sevinclə qarşılayır... Onların hər dəfə sağ-salamat hansı rayona çatdıqları xəbərini eşidəndə çox sevinirdik”.
“Gürcülər üç azərbaycanlını çörəklə qarşılayır, qurbanlar kəsirmiş...”
Onun sözlərinə görə, yürüş barədə soraqlaşan hər kəs evlərinə axın edirmiş: “Sərvan dayının ailəsi də bizə gəlirdi. O zaman nələr yaşadığımızı Allah bilir. Sərvan Məmmədov sonra Bakı metrosunda baş verən terror hadisəsində dünyasını dəyişdi. Çox çətin həyat yolu keçdilər, amma adlarını tarixə yazdırdılar. Onların sağ-salamat geri dönməkləri möcüzə idi. Filmdə də bu görünür. Onları insanlar çörəklə qarşılayırdılar, qurbanlar kəsirdilər. İnsanlar da atamgilə qoşulurmuş, bir müddət gedəndən sonra qayıdırdılar. Atam deyirdi heç kəsə uzun müddət bizə qoşulmağa icazə vermirdik. Tiflisdə küçələrdən birinə atamın adının verildiyini eşitdim. Lakin bununla bağlı hələ tam dəqiq məlumatım yoxdur”.
Nərgiz Qurbanlı xatırlayır ki, Çərkəz Qurbanlı Tiflis yürüşündən qayıdandan sonra da insanlar onunla görüşməyə gəlir, xatirələrini dinləyirmiş: “Atam oradakı qonaqpərvərlikdən, gürcü xalqının onları necə sevinclə qarşıladığından bəhs edirdi. Atamgil həm Bakıdakı, həm də Gəncədəki Şəhidlər xiyabanından torpaq götürərək Tiflisə aparmış, orada Şəhidlər xiyabanına səpmişdilər. Xatirələri danışdıqca kövrəlirdi. Deyirdi ki, mən öz xalqımızla o xalqın arasında heç bir bir fərq görmürəm, eyni coşqunu, vətənpərvərlik hissini, qeyrətli oğul və qızlarımızı orada da gördüm. Atam qayıtdıqdan sonra ayaqları şişmişdi. Daha sonra onun ayağına paslı mismar batdı, yatağa düşdü, vəziyyəti yaxşı deyildi, həkimlərin nəzarəti altında onun ayağını çətinliklə də olsa bərpa etdik. Atam deyirdi ki, bu da Allahın bir sınağıdır və bunu yaşamalıyam. Həmişə nikbin düşünürdü, deyirdi ki, nə olursa, xeyirliyə olur”.
“Atam başımdan qırmızı papağı götürüb dedi, get qara kəlağayı bağla”
Nərgiz Qurbanlı qeyd edir ki, 20 Yanvar hadisələrində atası qardaşları Elçin və Erkinlə birlikdə səhərə qədər küçələrdə olub: “Onların səhər saat 5-də məhləyə girməyini bu gün kimi xatırlayıram. Biz səhərə qədər bayırda tonqal qaladıq. Qadınlar qışqırırdı, göy üzü qıpqırmızı idi. Atışmanı eşidirdik, amma kimin atdığını bilmirdik. Uşaqlar xəbər gətirdilər ki, xəbərdarlıq atəşidir. Sonra dedilər ki, camaata atırlar. Biz səhəri tonqal başında açdıq. Kişilər gəldikcə biz onların qarşısına qaçırdıq, hamı öz yaxınını axtarırdı. Qaçdım gördüm ki, atam ağır addımlarla gəlir, rəngi də ağappağ idi. Heç nə soruşmadım. Təkcə qardaşlarımı soruşdum. Dedi ki, gəlirlər. Başımda qırmızı papaq var idi. Atam başımdan papağı götürərək yola atdı. Dedi ki, get başına qara kəlağayı bağla, milləti qırdılar. Soruşdum nə məsələdir. Heç nə demədi. Atamın arxasınca getdim. Bütün qadınlar atamdan öz yaxınlarını soruşurdu. Dedi ki, bizimlə gedənlərin hamısı gəldi, amma milləti qırdılar, məhləyə qara bayraq asın. Atam danışa bilmirdi, əlləri əsirdi. Bir müddət sonra qardaşlarım gəldi. Qardaşım Elçinin (Elçin Qurbanov 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Bəytəpə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub – red.) gözləri qırmızı idi, əlləri əsirdi. Heç biri heç nə demirdi, evdə sükut idi. Yarım saatdan sonra Elçin dedi ki, axı niyə, o uşaqların nə günahı var idi?! O biri qardaşım Erkinə dedim ki, heç olmasa sən de, nə olub? Dedi ki, biz səhərə qədər morqlara meyit daşımışıq. Allah bizi qorudu, o güllə bizə də dəyə bilərdi. Şəhid olan qardaşım dedi ki, kaş elə bizə də dəyərdi... Atam dedi ki, Sovet qoşunları milləti qırdı. Qardaşımın gözündən yaş süzüldü. Səhərə qədər yatmadıq. Hamı bizə gəlirdi, xəbər almaq istəyirdi. Səhər atam aram-aram baş verənləri danışdı. Necə insanların tankların qarşısına əliyalın çıxdığını, dinc əhalinin öldürülməsini... Sonra öyrəndik ki, qohumlarımız İlham və Fərizə Allahverdiyevlər də şəhid olub. Evə güllələr gətirmişdilər, onları hələ də saxlayırıq”.
Tale elə gətirir ki, bir neçə il sonra Çərkəz Qurbanlının oğlu Elçin 26 yaşında Qarabağda şəhid olub. O, 1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanmışdı. Elçin 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Bəytəpə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
“Bununla “Artıq ölkə etibarlı əllərdədir” deyərək siyasi fəaliyyətini dondurdu”
Nərgiz Qurbanlı qeyd edir ki, Çərkəz Qurbanlı partiya biletini yandıran ilk ziyalılardan olub: “Rusiyadan gələn jurnalist Moskvada “Müəllim həqiqəti” qəzetində bu barədə yazıb. 36 saylı məktəbdə təhsil alırdım, biz də qalstuklarımızı atdıq, pioner nişanlarımızı yandırdıq. Rus əsgərləri bizə deyirdilər qalstuklarınızı niyə taxmırsınız? Biz də rusca o qədər də yaxşı bilmirdik, “Ni xoçu” deyirdik, bunu əlisilahlı əsgərlərə söyləyirdik. Biz bayaq da qeyd etdiyim kimi meydanlarda böyümüşük, bu acı hadisələrin şahidləri olmuşuq. Biz evdə nə görmüşüksə, onu götürmüşük. Atamızın Vətən üçün etdiklərini, canını fəda etdiyini görmüşük. Atamın adı-sanı, vəzifəsi var idi, amma o, 38 kvadrat metrlik evdə dünyasını dəyişdi. Həmin evimizdə universitetin bütün müəllim heyəti, tələbələri olmuşdu. Atam Tiflisdən qayıtdıqdan sonra şənbə və bazar günləri müəllimlər yığışıb bizə gəlirdilər. Atam heç vaxt nə özünü, nə də ailəsini düşündü. Əgər əksi olsaydı, ən azı yaşadığı evi genişləndirə bilərdi. Kiçik evimizdə dörd divarın hər tərəfi kitabxana idi. Bunu bizə gələn müəllim və tələbələr də görürdü. Sanki biz kitabxanada yaşayırdıq. Biz bu ruhda böyümüşük. Çərkəz Qurbanlı nə edibsə, Vətəni, milləti üçün edib, heç nədən qorxmadan Sovet rejiminə qarşı çıxıb. Təki Azərbaycan dirçəlsin və xalqımız ağ günə çıxsın. Bütün bunlar bizdən yan keçmədi, ruhumuza, canımıza hopdu. Bu milli ruh şəhid qardaşıma da təsir etdi, o tamam başqa cür idi, bizdən fərqli idi. Bayrağını, torpağını başqa cür sevirdi.
Onu da qeyd edim ki,ulu öndərin Naxçıvandan Bakıya gəlməsində atam bilavasitə iştirak edib. O, Naxçıvana gedərək orada Heydər Əliyevlə şəxsən görüşüb. Həmin dövrdə iğtişaşlar başladı. Surət Hüseynov qiyam qaldırmışdı, ölkə vətəndaş müharibəsinin astanasında idi. Atam hesab edirdi ki, xalqı bu vəziyyətdən yalnız Heydər Əliyev çıxara bilər. Ulu öndər Bakıya gəldikdən sonra atam seçkilərdə iştirak etdi, rayonlara gedərək təbliğat-təşviqat kampaniyası apardı. Biz atamızın üzünü demək olar ki, görmürdük. Xalq ulu öndərin hakimiyyətə gəlməsini tələb edirdi. Heydər Əliyev prezident olduqdan sonra atam siyasi fəaliyyətini rəsmən dayandırdı. Dedi ki, artıq missiyamı yerinə yetirdim, bundan sonra da siyasətdən uzaqlaşıram. İllərlə siyasətdə, meydanlarda olan Çərkəz Qurbanlı “artıq Azərbaycanın xilaskarı gəldi və ölkə etibarlı əllərdədir” deyərək siyasi fəaliyyətini dondurdu. Yaradıcılığa isə davam etdi”.
Qeyd edək ki, tərcüməçi-alim Çərkəz Qurbanlı Məhəmməd Əsəd Bəyin Azərbaycandakı araşdırıcılarından olub. O, Əsəd bəyin 6 əsərini, o cümlədən “Əli və Nino” və “Məhəmməd Peyğəmbər” romanlarını alman dilindən Azərbaycan dilinə tərcümə edib.
Çərkəz Qurbanlı XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmiş alman dilli Avstriya yazıçısı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb. Kafkanın “Qəsr” əsərini dilimizə çevirdiyinə görə Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən mükafatlandırılıb.
Onun alman dilindən tərcümə etdiyi Stefan Svayqın bir neçə əsəri, o cümlədən, “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” həmçinin Nobel mükafatı laureatı Herman Hessenin əsərləri mükəmməl tərcümə nümunələridir.