Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları aradan qalxsa, yəni Ermənistan konstitusiyası yeni formatda təsdiqlənsə, bunu müsbət hal hesab etmək olar.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, bəyanat verməklə konkret addım atmaq arasında böyük fərq var:
“Gərək Paşinyan bunu fəaliyyəti ilə təsdiq etsin. Onun fəaliyyətinin konstitusiya dəyişikliyinə uyğunluğu, bunun təsdiq edilib-edilməyəcəyi və bundan sonrakı addımları diqqətlə izlənilməlidir. Ermənistanın bundan sonrakı addımları və ya mövqeyi onun siyasi prioritetlərini açıq şəkildə göstərəcək”.
Fikrət Sadıqov bildirib ki, İrəvan başda olmaqla indiki Ermənistanın bir çox əraziləri tarixi Azərbaycan torpaqlarıdır:
“Tarixi faktlar bunu təsdiqləyir, amma vəziyyəti nəzərə alaraq bu iddiaları irəli sürmürük. Yenə də bizim ərazimizə göz dikiblər. Hesab edirlər ki, bir çox kəndlərimiz və şəhərlərimiz Ermənistana "məxsus"dur. Hətta adlarını belə nəzəri olaraq dəyişiblər. Naxçıvan, Gəncə və Qarabağa qarşı iddiaları açıq şəkildə görünür. Əgər bu iddialarından əl çəkəcəklərsə və rəsmi sənədlərdə bunu təsdiqləyəcəklərsə, bunu ancaq alqışlaya bilərik.
Bizim onlara qarşı ərazi iddialarımız yoxdur. İndiki geosiyasi durumda əsas məqsədimiz Cənubi Qafqazda sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunmasıdır. Əlbəttə, bu məqsədə çatmaq üçün bir sıra addımlar atmağa hazırıq. Ermənistandan da adekvat addımlar gözləyirik”.