Fransa Senatı və və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assembleyası da (AŞPA) qoşulmaq istəyir.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert AŞPA-nın Azərbaycana qarşı fəaliyyətlərinə diqqət çəkib:
“Nə qədər ki Azərbaycan torpaqları işğal altında idi, Avropa qurumları bu mövzuya ciddi diqqət yetirmirdilər, elə ki ordumuz ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimizi bərpa etdi, üstümüzə düşməyə başladılar. Fransa Senatı və və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə AŞPA da qoşulmaq istəyir.
AŞPA Azərbaycan ordusunun sentyabrın 19-da Qarabağda antiterror tədbirlərindən təxminən 20 gün sonra hərəkətə keçmişdi. AŞPA “Dağlıq Qarabağla” bağlı qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırmışdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin geri qayıtdığını təşviq etməlidir. Bundan başqa, AŞPA Azərbaycandan “ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməsi”ni Azərbaycandan etmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi AŞPA-nın Qarabağla bağlı qətnamə və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını bildirən bəyanat yayıb. Bəyanatda AŞPA-nın Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığı bildirilir.
Ermənilər öz istəkləri ilə Qarabağdan çıxıblarsa və geri qayıdıb Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, AŞPA-nın “məntiq”i ilə desək, onları daha necə “həvəsləndirmək” olar? Azərbaycan ermənilərə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədləri verib. Yenə qayıtmaq istəmirlər. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addımların heç biri AŞPA-nın sənədlərində qeyd edilməyib”.
Elxan Şahinoğlu bildirib ki, AŞPA-nın qış sessiyasında yenidən Azərbaycan mövsuzuna qayıdıblar:
“Sessiyanın ilk günündə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb. AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyə, müəyyən səlahiyyətlərin məhdudlaşdırılması şərtilə təsdiqləyə və ya təsdiqləməyə bilər. Bu durumda Azərbaycan əleyhinə işləyən daha bir amil yunan deputat Teodoros Russopulosun AŞPA prezidenti seçilməsidir.
Maraqlıdır ki, təşkilatda Azərbaycan əleyhinə həmlə hazırlanarkən, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilib. AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbul edilərsə, Səməd Seyidovun qurumda prezident müavini kimi fəaliyyətinə ehtiyac qalmayacaq”.