26 Yanvar 20:38
1 729
12 Punto 14 Punto 16 Punto 18 Punto

AŞPA-nın anti-Azərbaycan qərarı Qərbin regiondaki geosiyasi maraqlarından irəli gəlir. Eləcə də Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və neytral siyasəti də Qərbin xoşuna gəlmir. Prosesin başında Fransa dayanır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

“Başqa maraqlar olmasaydı, hansısa “anlaşılmazlıq” var idisə, AŞPA rəhbərliyi oturub Azərbaycanla məsələləri çözərdi. Amma Azərbaycan 44 günlük müharibə və bundan sonra öz ərazilərini azad etdikdə AŞPA-da sular tərs axmağa başladı. Yəni Fransanın təhriki ilə əksimizə getməzdi. Nə AŞPA, nə də Avropanın başqa bir qurumunu tərsinə getməyə sövq edəcək durum vardı.

Azərbaycan öz ərazilərini azad edib. Ermənistan bunu “diplomatik qələbə” kimi qəbul edir. Amma İrəvanda anlamırlar ki, baş verənlər sülh prosesinə kökündən zərbə vurur və bundan kənarda inkişaf edəcək proses Ermənistanın xeyrinə olmayacaq. Elə Ermənistanın bədnam səsvermədə tam heyətlə, xüsusi canfəşanlıqla əleyhimizə səs verməsi də göstərdi ki, İrəvanda sülh istəmirlər. Sülh istəmirlərsə, anlaşmaq üçün başqa meydan da var”, - ekspert bildirib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Fransanın yedəyində sürünən Ermənistan sülh müqaviləsinin imzalanması ehtimallarını aradan qaldırır:

“Ermənistan sülhdə maraqlı olsaydı, bu prosesə mane olan Fransa və digərlərinin sifarişləri ilə Azərbaycana qarşı hərəkət etməzdi. Ermənistan barışıq üçün yer saxlamır. Ermənistanın məqsədi Azərbaycana qarşı beynəlxalq təzyiqlərə nail olmaq, şərtlərini qəbul etdirməkdir. Amma İrəvanda onu da bilirlər ki, bu şərtlər Bakıda qəbul edilməyəcək. Məğlub qalibə şərt diktə edə bilməz.

Avropada Azərbaycanı Rusiya ilə işbirliyində ittiham etməyə başlayıblar. Avropa Birliyi rəsmilərinin bu yanaşması səhvdir, xətaya yol verirlər. Əgər Qərbdə həqiqətən də Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq haqda düşünürlərsə, buna Ermənistandan başlamalıdırlar. Rusiya Ermənistandadır – həm siyasi, həm iqtisadi, həm mədəni, həm hərbi, həm də enerji baxımından, günbəgün də mövqelərini gücləndirir. Hətta Rusiya Ermənistana yenidən silah-sursat göndərməyə başlayıb, Ukraynadakı müharibəyə rəğmən.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, bunda da bizi ittiham edə bilməzlər, problem Rusiya ilə Ermənistan arasındadır, bizimlə Ermənistan arasında yox. Dəhlizə nəzarət etmək istəyən Rusiya, buna etiraz edən Ermənistandır. Bizim isə belə iddiamız yoxdur.

Həmçinin Qərbdə “düşmən” kimi qəbul edilən İrana Zəngəzurda konsulluq binası verən də İrəvandır. Rusiya da dəhlizlə nəzarəti ələ keçirmək üçün konsulluq açmağa hazırlaşir. İran, Avropa Birliyi və Rusiyanı Zəngəzura Ermənistanın özü gətirib. Bu halda Azərbaycanı necə ittiham etmək olar? Bir sözlə, Qərbdə Azərbaycanla bağlı verilən ədalətsiz qərarlar regionda yeni problemlərə yol aça bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər