Azərbaycanın İsraillə əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır və İrana qarşı yönəlməyib.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, İrandakı dairələr hər hadisədə “İsrail izi” axtarır:
“Hər dəfə İranla ABŞ arasında gərginlik artanda “bunun Azərbaycana hansı mənfi təsirləri ola bilər” sualı aktuallaşır. Vaşinqton İordaniyada amerikalı hərbçilərin öldürülməsinə cavab olaraq, İranın mövqelərinə zərbə endirməyi planlaşdırır. Bununla Yaxın Şərqdəki toqquşmalar Cənubi Qafqazın sərhədinə yaxınlaşır. Azərbaycan bölgədə gərginlikdə maraqlı deyil, ancaq vəziyyət istəyimizdən asılı olmayaraq gərginləşərsə, qarşıdurmada olan tərəflərdən eyni məsafədə qalmalıyıq. Mövcud vəziyyət Azərbaycanın İranla quru sərhədini açmasını mümkünsüz edir.
İrandakı dairələr hər hadisədə “İsrail izi” axtarır, Azərbaycanı isə İsraillə əməkdaşlığa görə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır və İrana qarşı yönəlməyib.
Ancaq orası da var ki, İsrail hökuməti ABŞ-nin İranı sərt cəzalandırmasının tərəfdarıdır, bu baş verərsə, Tehran İsraillə əməkdaşlıq edən ölkələrin ünvanına yenə sərt bəyanatlar səsləndirəcək. Məsələn, Yaxın Şərqdəki gərginlik fonunda İran Prezidenti İbrahim Rəisi müsəlman ölkələrinə çağırış edib ki, İsraillə əməkdaşlıqdan imtina etsinlər. Bu çağırış başqa ölkələrin daxili işlərinə qarışmaq olduğundan diqqətə alınmayıb.
Türkiyənin özü İsraili sərt şəkildə tənqid etsə də, bu ölkə ilə iqtisadi əməkdaşlıqdan imtina etməyib. Azərbaycan da Yaxın Şərqdəki hadisələrdən narahat olsa da, İsraillə əməkdaşlıqdan imtina etməyəcək”.