Ermənistanın Cənubi Qafqazdakı nəqliyyat və enerji layihələrinə cəlb olunması Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsinə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bunu gürcü politoloq Gela Vaşadze deyib.
Ekspertin fikrincə, Gürcüstan-Ermənistan əlaqələrini strateji səviyyəyə qaldırmaq üçün bir sıra şərtlər yerinə yetirilməlidir:
“Yaxın tarixdə Gürcüstanla Ermənistan arasında münasibətlər həmişə qonşuluq əlaqələri olub. Münasibətlərin strateji müstəviyə keçməsinə gəlincə, arzu yaxşı şeydir, amma münasibətlərin faktiki məzmununa baxmaq istərdim. Söhbət qarşılıqlı ticarətdən gedirsə, o zaman strateji münasibətlər gömrük prosedurlarının uyğunlaşdırılmasını tələb edir, bu da yalnız Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxması və ya Gürcüstanın bu birliyə qoşulması ilə mümkündür.
Nəqliyyat və logistikaya gəlincə, bu əlaqələr avtomobil nəqliyyatı və Ermənistanın Gürcüstan limanlarından istifadə etməsi baxımından artıq mövcuddur. Bunun gələcək inkişafı regionda bütün kommunikasiyaların açılmasından, Ermənistanın tranzit üçün dəmir yolu infrastrukturundan istifadə edə biləcəyi zamandan asılıdır. Ermənistanın isə enerji sektorunda regional layihələrə cəlb olunması birbaşa bütün qonşularla (Azərbaycan və Türkiyə ilə - red.) münasibətlərin tənzimlənməsinə bağlıdır. Ümid edirəm ki, tezliklə baş verəcək”.
Vaşadze Rusiyanın bu strateji sazişə yanaşması və bunun imzalanmasındakı roluna diqqət çəkib:
“Nəzərə almaq lazımdır ki, Rusiya Cənubi Qafqazda nüfuzlu aktor olaraq qalır və Ermənistanda çox ciddi təsir gücünə malikdir. Rusiyanın Ermənistanda bir çox əsas infrastruktur obyektləri var: dəmir yolu, enerji sektoru. Başqa sözlə, İrəvan Moskvanın mövqeyini diqqətdən kənarda qoya bilməyəcək. Eyni zamanda, Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlığın real məzmunu Rusiya üçün çox faydalı ola bilər, ona görə də Moskvanın xüsusi etirazına səbəb görmürəm. Yeri gəlmişkən, istisna etmirəm ki, bu məsələlər əvvəllər Rusiya ilə razılaşdırılıb”.
İki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi ötən həftə Tiflisdə Gürcüstan və Ermənistan baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan arasında imzalanıb.