Türkiyə parlamentinin Müdafiə Komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akarın Azərbaycanda verdiyi mesaj Ermənistanda “zəlzələ effekti” yaradıb. Ermənistanın ictimai-siyasi çevrələri dünəndən bunu müzakirə edirlər.
Teleqraf.com xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostonyan da sabiq müdafiə nazirinin bəyanatına münasibət bildirib.
“Türkiyə Ermənistan-Azərbaycan nizamlanması prosesində daha konstruktiv rol oynaya bilər. Ermənistan-Türkiyə nizamlanması prosesi çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi, xüsusilə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması həm Ermənistan-Türkiyə münasibətlərinə, həm də Ermənistan-Azərbaycan münasibətlərinə müsbət təsir göstərəcək. Rəsmi İrəvan razılaşmanın icrası ilə bağlı Ankaranın cavabını gözləyir”, - Kostonyan deyib.
Hulusi Akar dünən Bakıda olarkən Ermənistanı qısa müddətdə sülh müqaviləsini imzalamağa və səhvlərindən nəticə çıxarmağa çağırmışdı. Akar Ermənistanın Azərbaycanın uzatdığı sülh əlini tez bir zamanda tutmalı olduğunu, əks halda bunun ciddi nəticələrə səbəb olacağını vurğulamışdı.