1 Fevral 22:34
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlıq haqda saziş Qərbin təlimatı ilə imzalanıb.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Gürcüstan rəhbərliyinin indiyədək anti-Azərbaycan siyasəti olmayıb:

“Qarabağ məsələsi həll edildikdən sonra Gürcüstan-Azərbaycan əlaqələri yeni mərhələyə keçib. Amma bunu əvvəlki müstəvidə saxlamaq çətindir. Avropa Birliyinə üzv olmaq istəyən Gürcüstan Qərbin istəklərini də yerinə yetirməyə məcburdur. Hesab edirəm ki, Tiflis bu kontekstdə Qərb, xüsusən də Fransadan Ermənistana silah tədarükünə də şərait yaradacaq. Artıq Fransadan göndərilən texnikaların ilk partiyası Gürcüstan üzərindən Ermənistana çatdırılıb. Tiflisin nöqteyi-nəzərinə görə, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistanla problem qalmır. Amma sülh müqaviləsi imzalanmayıb, gərginlik hələ də qalır – Tiflis indi bunu da nəzərə almalıdır.

Son müharibədən əvvəl Gürcüstan Ermənistanla bağlı məsələlərə ehtiyatla yanaşıb, Azərbaycan da Gürcüstanı siyasi-iqtisadi olaraq dəstəkləyib. Hazırda bölgədə geosiyasi şərtlər dəyişib. Qərbdən Cənubi Qafqaza ciddi təsir və təzyiq var. Qərbdə İrəvan və Tiflisi Moskvaya qarşı birgə hərəkət etməyə sövq edirlər. Bakının da buna qoşulması istənilər, son zamanlarda Qərbdən ölkəmizə artan təzyiq buna görədir. Azərbaycan isə Qərbin bu oyununa getmir. Biz nə Rusiyanın yanında, nə də qarşısındayıq, bu, Qərbə də aiddir”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanın anti-Rusiya platformasında yer alması ölkəmizin maraqlarına mənfi təsir edə bilər:

“Ermənistan və Gürcüstandan fərqli olaraq, Azərbaycan həmişə müstəqil siyasət aparıb, aparır. Bizə çətinlik yaradan da budur: müstəqil siyasət. Azərbaycan nə Rusiyaya görə Qərbə, nə də Qərbə görə Rusiyaya qarşı addım atacaq. Bizim müttəfiqimiz Türkiyədir, lazımi addımları da onunla birlikdə atırıq. Hədəfimiz nə KTMT və Avrasiya İqtisadi Birliyi, nə də Avropa Birliyi və NATO-ya üzv olmaqdır. Qərb də, Rusiya da bunu bilməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər