Ötən gün Ermənistan baş nazirinin xanımı Anna Akopyanın ad gününün qeyd edildiyi “Darget” restoranında (İrəvan) “Artsax” şüarı səsləndirən şəxs işdən çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bunu sözügedən restorandan qovulan Akop Berberyan deyib.
“Darget”də işləyirdim, iş vaxtı bitmişdi, Nikol Paşinyan gedəndə bir neçə dəfə ucadan “Artsax” deyə qışqırdım. Nikol uzun müddət üzümə baxdı, bundan sonra zəng gəldi ki, işdən azad edilmisən”, - Berberyan bildirib.
Onun sözlərinə görə, Paşinyan, həyat yoldaşı, uşaqları və Anna Akopyanın qardaşı, deputat Qraçya Akopyan da orada olub.
“Artsax” ermənilərin vaxtilə Azərbaycan ərazisində mövcud olmuş separatçı rejimə verdikləri addır. Qondarma rejimin varlığına ötən il sentyabrın 19-da keçirilən antiterror tədbirləri ilə son qoyulub.