Ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı BMT yaradılandan bəri, bundan sonra da ən mühüm təməl daşı kimi qəbul edilməli və Ermənistan bu istiqamətdə hərəkət etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin komitə sədri Vladimir Vardanyan deyib.
Komitə sədri Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Aktına istinad və preambulanın dəyişməz qalıb-qalmayacağı barədə suala konkret cavab verməyib:
“Yeni Konstitusiya tamamilə yeni prosedur deməkdir, amma unutmaq olmaz ki, Konstitusiyanın necə olmasından asılı olmayaraq, qorunub saxlanacaq Konstitusiya və hüquqi prinsiplər var. Bunlar Konstitusiyanın kök hüceyrələri hesab olunur”.
Vardanyan sözügedən istinadın yeni Konstitusiyadan çıxarılacağına eyham vurub.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl söyləmişdi ki. ölkəsinin Müstəqillik Aktı Azərbaycanla sülhə maneədir:
“Ermənistanın dövlət siyasəti Müstəqillik Aktı və ya Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, müharibə olacaq, heç vaxt sülh olmayacaq”.
Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Aktında Azərbaycana qarşı açıq ərazi iddiaları var.