Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, obyektiv və subyektiv səbəblərdən Rusiya ilə hərbi-texniki əməkdaşlığı və müdafiə əlaqələrini əvvəlki kimi inkişaf etdirə bilmirlər. Onun sözlərinə görə, ordunun inkişafı konsepsiyasını dəyişdirmək lazımdır.
“Anlamalıyıq ki, kimlərlə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməliyik”, - Paşinyan bildirib.
Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistanın Hindistan, İran, Gürcüstan, ABŞ, Fransa və Rusiya ilə hansı münasibətlər qurduğunu, ölkənin KTMT-də qalıb-qalmayacağını anlamaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Iarex.ru saytı yazır.
Politoloq Stanislav Tarasov sayta bildirib ki, Paşinyan dəfələrlə ölkənin təhlükəsizlik sisteminin şaxələndirilməsinin vacibliyini bəyan edib və onun bu sözlərində də xüsusi heç nə yoxdur:
“Əlbəttə, Paşinyanın hekayəsində Ermənistanın KTMT-dən çıxması və Rusiya hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı anti-Rusiya istiqamətləri var. O, qəsdən belə həssas və səs-küylü mövzuları seçir.
Görünür, Qərbdə İrəvanın Moskvanın Cənubi Qafqazda mövqelərini zəiflətmək niyyəti kontekstində qəbul edilən bu cür bəyanatların əsas məqsədi də budur. Paşinyanın ordunu gücləndirmək niyyətində olduğu ölkələrin siyahısı da suallar yaradır.
ABŞ və Fransa ilə hər şey aydındır, onlar NATO-durlar. Təsadüfi deyil ki, NATO baş katibinin müavini Ksavye Kolomin “Armenpress” dövlət agentliyinə Ermənistanın xarici siyasətindəki dəyşiklikdən böyük həvəslə danışıb. Çünki Ermənistanın xarici və müdafiə siyasətində NATO-ya üz tutması Qərblə Rusiya arasında qarşıdurma tendensiyasına uyğundur”.