Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.
Dövlət Komissiyasından Trend-ə daxil olan məlumata görə, əvvəlcə tədbir iştirakçıları Dövlət Komissiyasının fəaliyyətini əks etdirən fotostendlə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları barədə müxtəlif dillərdə nəşr edilmiş kitablar, video materiallar, bukletlər və digər əyani vəsaitlərlə tanış olublar.
İclası giriş sözü ilə Dövlət Komissiyasının sədri Eldar Mahmudov açaraq Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun və 2014-cü il 22 dekabr tarixli sərəncamlarına əsasən, Dövlət Komissiyasının tərkibində olunmuş dəyişiklikləri elan edib. Dövlət Komissiyasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurumun üzvlərinə göstərdiyi etimadı bundan sonra da doğruldacaqlarına, ölkə rəhbəri tərəfindən Dövlət Komissiyanın qarşısına qoyulmuş vəzifələrin icrası və müəyyən edilmiş strateji məsələlərin həlli üçün daha da intensiv çalışacaqlarına əmin olduğunu bildirib.
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işləmək lazım olduğunu bildirən Eldar Mahmudov, mövcud status-kvonun dəyişmədikcə humanitar fəlakətin tam aradan qaldırılmasının mümkün olmadığını diqqətə çatdırıb. Bildirib ki, 2014-cü il ərzində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən törədilmiş təxribat-diversiya əməlləri bunu bir daha təsdiq edir.
E.Mahmudov deyib ki, Ermənistanın destruktiv hərəkətləri göstərdi ki, bütün aidiyyəti dövlət strukturları kimi, Dövlət Komissiyası da səlahiyyətləri çərçivəsində cəbhədə baş verə biləcək hadisələrə operativ reaksiya verməyə hazır olmalıdır: "Məlumdur ki, Ermənistanın təxribatı yalnız qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqla bitmir. Terrorçuluğu və təcavüzkar separatçılığı dövlət siyasətinin əsas xəttinə çevirmiş Ermənistan, eyni zamanda, dinc insanlara qarşı da təxribat siyasəti yeritməkdə davam edir.
2014-cü ilin iyulunda yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə Azərbaycan Respublikasının Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyev işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Hadisənin baş verdiyi andan Ermənistan bu məsələyə qeyri-humanitar mövqedən yanaşıb və tamamilə aidiyyəti olmayan müxtəlif uydurma məlumatlar yayıb. Ölkə rəhbərinin daim diqqətində olan girovlarla bağlı məsələ üzrə Azərbaycan Respublikası müvafiq beynəlxalq təşkilatlar qarşısında vaxtında və əsaslandırılmış tələblər qaldırıb. Lakin bütün səylərə baxmayaraq, qarşı tərəfin tutduğu qeyri-konstruktiv mövqeyə görə girovların azad edilməsi mümkün olmayıb. Həsən Həsənovun meyitinin qaytarılması prosesi isə üç ay uzanıb. İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejim vasitəsi ilə məhkəmə şousu təşkil edilib. Təbii ki, heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmamış və beynəlxalq hüququn subyekti olmayan qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir. Bu, Ermənistanın müharibə qurbanlarını siyasi təzyiq vasitəsinə çevirmək cəhdinin növbəti nümunəsidir".
E.Mahmudov qeyd edib ki, buna görə, təcavüz nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinin aydınlaşdırılması üçün hələ çox işlər görülməlidir: "Müharibə qurbanı kateqoriyasına aid edilən əsir-girov və itkin düşmüş şəxslərin məsələləri ilə məşğul olan Komissiya hər bir vəziyyətə hazır olmalıdır".