“Ermənistan parlamentinin spikeri Alen Simonyanın iddiası ilə tanışam. Sadəcə mənə qəribə gələn burda bir məsələ var. Doğurdanmı, bu ermənilərin psixologiyası 44 günlük Vətən müharibəsi və 23 saatlıq qələbəmizdən sonra düzəlmədimi? Onlar hələ də inkişafdan kənar qalıblar. Onlara hərdən yazığım gəlir. Tarix boyu ideoloqlar və kilsə erməniləri dar bir çərçivəyə salıblar. Bu dar çərçivənin adı yalandır. Ermənilər “yalan nə qədər ağ olsa, ona o qədər tez inanarlar” prinsipindən qidalanırlar. Tarixdə ermənilərin bütün dedikləri yalandır. Eyni ilə sərhədlərin demarkasiya və delimitasiya prosesində 31 kənd açıqlamaları kimi...
Bu sözləri Teleqraf.com-a AMEA-nın əməkdaşı, dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, ermənilər 31 kəndi hansı torpaqlarda axtarırlar, bilmək olmur:
"Əgər belədirsə, onda sovet dövründə onlara hədiyyə edilən 27,6 min kv.km torpaqlarımızın da məsələsini biz qaldıraq. Azərbaycan 1920-ci ildə işğal edilərkən ərazisi 114 min kvadrat kilometrə yaxın idi. Bunu təsdiq edən sənədlər, xəritələr var. Hətta 1922-ci ildə yaradılan SSRİ-nin tərkibinə daxil olanda belə fərqli idi. SSRİ-nin tərkibindən çıxanda isə Azərbaycan ərazisinin ölçüsü 86,6 min kv.km olub. Yəni təxminən 27,6 min kv.km torpaqlarımızı SSRİ dövründə itirmişik. Ermənistanla isə 7,9 min kv.km həmsərhəd ərazi qonşu dövlətlər tərəfindən “mübahisəli” torpaq sayılırdı. Ərazi məsələlərinin birtərəfli həlli nəticəsində “mübahisəli” ərazilər ermənilərə verildi. Bundan əlavə, 11 min kv.km ərazimiz Ermənistana bağışlandı. Bu ərazilərə Zəngəzur, Dərələyəz qəzaları və Göyçə dairəsinin torpaqları daxil idi. Beləliklə, həmin illərdə Azərbaycanın 27,6 min kv.km ərazisi itirildi.
Zaur Əliyev vurğulayıb ki, onlar gəlsin bu “31 kəndi”-in yerini göstərsinlər görək haradır:
Biz də 27,6 min kv.km ərazimizi sənəd-sübutla onlara göstərək. Bunların nəzərdə tutduqları əgər Azərbaycan Respublikasının Gədəbəy rayonunun ərazisində olan Başkənd sovet dövründə yaşamaları üçün ermənilərə verilmişdi, onlar onu da “torpaqlar”ı kimi sayırlarsa, demək, ciddi-ciddi xəstəlikləri şiddətlənib. Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə nadir halda köçüb və yaşayıblarsa, bura haradan ermənilərə aid oldu? Özü də necə köçüblər? Yerli Azərbaycanlı bəylərdən icazə alaraq, hissə-hissə. Ermənilər Amerika, Fransa, Rusiya və İrana o dövrdə köçüb icmalarını qurublarsa, o torpaqlar onların sayılır? Yaxud icma olubsa, Başkənd Azərbaycanın göbəyində ermənilərin necə tarixi torpağı ola bilər?
Bunlar xəstədirlər. Ermənilərin çıxışlarına baxıram, 1974-1978-ci illərdəki xəritələrdən başqa xəritə söhbəti etmirlər. Qalib tərəf bizik, gəlin elə 1920-ci ilin noyabr-dekabr xəritəsindən başlayaq, 27,6 min kv.km ərazimizi azad etsinlər".
Tarixçi bildirib ki, vaxtilə Başkənddə yaşayan, sayları 3 minə çatmayan ermənilər oranı silah bazasına çevirmişdilər:
"Birinci Qarabağ savaşında məhz bu qəsəbəyə görə demək olar ki, Gədəbəyin 26 kəndi işğal altında saxlanılırdı. Bu terroru silahlı qüvvələrə qarşı yox, dinc sakinlərə qarşı edirdilər. Hələ də ermənilərə verilmiş tarixi torpağımız olan Tağlar məsələsini də unutmaq lazım deyil. Tağlar kəndi 1969-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının qərarına uyğun olaraq Ermənistan SSR-nin tərkibinə verilib. Sovet İttifaqı Kommunist Partiyası və Nazirlər Sovetinin 1968-ci il 22 iyun qərarında göstərilir ki, Gədəbəy rayonunun Tağlar kəndinin heç bir perspektivi olmadığı üçün həmin kəndin ərazisi meşə zolağı ilə birlikdə Ermənistan SSR-nin Şəmsəddin rayonuna verilsin. Perspektivsiz idisə ermənilərə niyə verilirdi? Buyursunlar, məsələni masaya qoyaq.
Tağlar kəndi ilə yanaşı Nüvədini də tələb edək. Zəngilan rayonunun Nüvədi kəndi 1929-cu ildə Ermənistanın Meğri rayonuna verilib və 1969-cu ildə Azərbaycan SSR Ali Soveti bu qərarı təsdiq edib. Ermənilər Başkəndi istəyirsə, o zaman Azərbaycan da Nüvədinin qaytarılmasını müzakirəyə çıxartmalıdır. Hələ Gədəbəy rayonunun Şınıx zonasından 76 kv.km torpaq sahəsi olan Hacılar sovetliyinin Qaravəlilər və Göyəli kəndlərinin yaylaq və biçənək sahələrini də masaya çıxardaq. Ona görə Ermənistan parlamentinin spikeri Alen Simonyan və bütün erməni siyasiləri söz deməzdən öncə düşünsünlər. Onlar bilmirlər ki, sənədlər, xəritələr, qərarlar, razılşamlalar və sairlər bizdə var və onların çör-çöp istəyinin qarşısında bütöv meşələri əldən çıxar".