Azərbaycanla Ermənistan arasında bu cür müxtəlif görüşlərin baş tutması vacibdir. Münxendə baş tutan görüş də bu baxımdan yaxşı oldu. Münxendə dövlət başçıları, beynəlxalq struktur nümayəndələri ilə faydalı müzakirələr keçirildi. Almaniya Kansleri Olaf Şolzun da tərəflər arasındakı görüş üçün təşəbbüsünü normal qəbul edirik.
Bunu Teleqraf.com-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Onun sözlərinə görə, bu heç də o demək deyil ki, Almaniya yeni bir vasitəçiliyə çevrilməlidir:
“Azərbaycana vasitəçi lazım deyil. Biz otuz il ərzində onların “fəaliyyət"indən doymuşuq. Bu, önəmli format idi. Paşinyanla İlham Əliyev arasında təkbətək görüş də baş tutdu. Xarici işlər nazirlərinə tapşırıqlar verildi. Əsas odur ki, Ermənistan bundan sonra təxribatlara əl atmasın. Çünki onların xarici siyasətinin əsas prioritetləri bizə qarşı təxribatlarla bağlıdır. Biz lazım olan cavabları veririk”.
Fikrət Sadıqov bildirib ki, həll olunmayan məsələlər çoxdur:
“Hələlik sərhəd dəqiqləşdirilməyib, şərtidir, prosesin gedişində biləcəyik ki, sərhədimiz haradan keçəcək. Bu şərti xətt normal dövlətlərarası sərhədə çevrilməlidir. Bu da delimitasiya və demarkasiyadan asılıdır. Ermənistan başa düşməlidir ki, konstitusiyadan bizə qarşı olan ərazi iddiaları olan müddəalar götürülməlidir. Bunu nə qədər tez etsələr onlar üçün yaxşı olacaq. Bu Regiona və ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Rəsmilərin görüşündə bu məsələlər həll edilməlidir”.