28 Yanvar 2015 16:41
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilib. İclasda Azərbaycan prezidentinin təqdimatı ilə Ailə Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.

Sənəd barədə məlumat verən sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, parlament Ailə Məcəlləsinə dəyişiklik edərək nikaha daxil olanlardan sağlamlıq haqqında arayışın tələb edilməsi reallaşdırıb. Lakin praktikada bu müddəanın tətbiqi ilə bağlı müəyyən boşluqlar var. Qanunun tətbiqi cari il yanvarın 1-dən qüvvəyə minsə də hələlik bəzi sənədlərin qəbulu yubanır. Ona görə də layihədə təklif olunur ki, qanunun qüvvəyə minmə tarixi iyunun 1-dək uzadılsın: “Hələ ki məlum deyil hansı xəstəliklərlə bağlı arayış verilsin, bu mexanizm hansı qaydada həyata keçirilsin və sair. Hazırda isə Nazirlər Kabinetində bu məsələlər üzərində iş gedir”. Sonra millət vəkilləri “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna nəzərdə tutulan dəyişikliyi müzakirə ediblər. Komitə sədri Hadı Rəcəbli bildirib ki, yeni təklifə görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibbi fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibbi fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Dəyişikliyi şərh edən H. Rəcəbli bildirib ki, son vaxtlar bir sıra həkimlərin lisenziyadan kənar, hətta ixtisasına aid olmayan tibbi fəaliyyət növü ilə məşğul olur: “Biz bu dəyişikliklər ilə ilkin tibbi müayinə istisna olmaqla, yalnız lisenziya verilmiş fəaliyyətlə məşğul olmağı rəsmiləşdiririk. Çünki elə hallar olur ki, klinikalar lisenziyada nəzərdə tutulmayan fəaliyyət növü ilə məşğul olurlar ki, bi da nəticə etibarilə insanların sağlamlığına mənfi təsir göstərir”.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki,qanuna əlavə edilməsi nəzərdə tutulan yeni bəndə görə, tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. A.Abbasova dəyişikliyə şərh edərək bildirib ki, bu, müvafiq xəstəliklər üzrə yeni tibbi xidməti növünün yaradılması deməkdir. Millət vəkili Musa Quliyev qeyd edib ki, qanunda xəstələrin ixtisaslaşmış xəstəxanalara və özəl klinikalara yerləşdirmə mexanizmi yoxdur. Odur ki, özəl klinikalarda bu sahədə özbaşnalıq hökm sürür: “Xüsusən, xarici ölkələrdən gələn həkimlərlə bağlı problemlər yaşanmaqdadır. İrandan diş həkimi gəlib Bakıda ginekoloji məsələlərlə məşğul olur. Belə hallar nəzərə alınaraq xaricdən gələn həkimlərlə baəlı şərtlər sərtləşdirilçəlidir. Xaricdən o halda həkim gələ bilər ki, onun sahısi üzrə Azərbaycanda kadr olmasın. Çünki, Azərbaycanda kifayət qədər ixtisaslı kadr var”. Deputat Məlahət İbrahimqızı isə təklif edib ki, özəl klinikalarda şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının övladlarına güzəştli xidmətlə bağlı qanun qəbul edilsin. Bununla da qanun layihələrinin parlamentin plenar iclasında müzakirəyə çıxarılması tövsiyyə olunub.

Nemət


Müəllif:

Oxşar xəbərlər