“Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2014-cü ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək bu xarakterli faktlar üzrə 105 şəxs barəsində 58 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə ötən ilin yekunları ilə bağlı keçirilən geniş kollegiya iclasında çıxış edən hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
Xanlar Vəliyev deyib ki, 2014-cü ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib.
Hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 6 milyon 304 min 842 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib. Vurulmuş ziyanın tam ödənilməsi məqsədilə təqsirləndirilən şəxslərin 6 milyon manatdan çox müəyyən olunan əmlakı üzərinə həbs qoyulub.
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 46 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 143 yoxlama keçirilib, nəticədə 1975 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 194 təqdimat göndərilib, 220 nəfərə xəbərdarlıq edilib, 57 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 142 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 36 qanunsuz qərar ləğv olunub.
Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.
Hesabat dövründə dövlət ittihamının müdafiəsi şöbəsi tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 54 faizi təmin olunub, cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 252 məhkəmə prosesi səyyar qaydada keçirilib.
Hacı Zeynalov