Bakı şəhər Baş Polis İdarəsinin təşkilatçılığı və təşəbbüsü ilə polis paytaxt ərazisində fəaliyyət göstərən orta məktəblərin müəllim-şagird kollektivi ilə görüşlər keçirir, cəmiyyəti qayğılandıran narkomaniya bəlasının fəsadları barədə tövsiyələr, dəyərli məsləhətlər verilir.
Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə “Narkomaniya - ümumbəşəri bəla” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən, Baş İdarənin Narkotiklə Mubarizə İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Elşən Cahangirov bildirib ki, narkomaniya bəlasının ictimai təhlukəliliyi, bu cinayət həmişə gizli şəraitdə baş verir. Polis polkovnik-leytenantı diqqətə çatdırıb ki, narokomanlıq yoluxucu xəstəlik kimi cəmiyyəti təhdid edir, hər bir vətəndaş bu bəlaya qarşı mübarizəyə qoşulmalıdır.
Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlar üzrə inspektoru, polis mayoru Kəmalə Ələkbərova ölkəmizdə hüquq-mühafizə orqanlarının narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı aparılan mübarizənin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, yeniyetmə və gənclərin narkomaniyaya qurşanması onların təhsildən yayınmasına, ictimai həyatdan uzaqlaşmasına, ətrafdakı insanlara daha çox cinayətkar simasının aşılanmasına, ən əsası da sağlamlıqlarının zərbə altında qalmasına səbəb olur.
Baş İdarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Zaur Əlizadə narkomaniya və narkobiznesə qarşı mübarizənin əhəmiyyətinə diqqət çəkib. O, bildirib ki, narkotizmlə mübarizədə hər bir şəxsin fərdi və birgə fəaliyyətinə böyük ehtiyac var.
Rayon ağsaqqallarının da iştirak etdiyi tədbirdə Yasamal RPİ İctimai Təhlükəsizlik şöbəsinin YYÇİÜ bölməsinin rəisi, polis mayoru Mayıs Nuruyev, inspektor, polis polkovnik-leytenantı Fərqanə Şərifova da çıxış edib, öz tövsiyələrini bildiriblər. Tədbirdə məktəbin öz fəaliyyət dərnəyinin hazırladığı “Narkomaniya - ümumbəşəri bəladır” səhnəcik nümayiş olunub.
Məktəbin direktoru Sevda Eminova yeniyetmələrin zərərli vərdişlərdən-narkomaniyadan qorunması üçün polis-məktəb əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və ictimaiyyətin birgə fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Nərimanov rayonunda yerləşən 258 nömrəli tam orta məktəbdə eyni məzmunda tədbir keçirilib. Tədbirdə Baş İdarənin və Rayon Polis Idarəsinin əməkdaşları psixotrop maddələrin qəbulu və onu “zəruri” edən səbəblər, narkotik maddələrin insan həyatında törətdiyi fəlakətlər barədə danışıblar.
Baş İdarə rəisinin şəxsi heyət üzrə böyük köməkçisi, polis polkovniki Əli Vəliyev tədbirdə çıxış edərək vurğulayıb ki, xalqımız müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi, narkomaniyaya qarşı mübarizə istiqamətində də vacib addımlar atılıb.
Tədbirdə çıxış edən Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, Baş İdarənin İctimai Təhülükəsizlik İdarəsinin əməkdaşı, polis mayoru Kəmalə Ələkbərova ölkəmizdə hüquq-mühafizə orqanları səviyyəsində narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı lazımi mübarizənin aparılmasından danışbılar.
Diqqətə çatdırılıb ki, hər bir polis əməkdaşı narkomaniyaya qarşı mübarizədə əlindən gələni edir, onun aradan qalxmasına səy göstərir. Narkotik vasitələrin insan orqanizmində törədə biləcəyi ağır fəsadlarla əlaqədar bildirilib ki, bu, narkoman adlanan konkret şəxslərin xəstəliyi olsa da, narkomaniya ilə mübarizə bütövlükdə cəmiyyətin problemidir.
Baş İdarənin əməkdaşları - polis mayoru Zaur Əlizadə, polis kapitanı Fuad İmanov narkotik vasitələrlə bağlı cinayətlərlə mübarizənin əsas istiqamətlərindən, rayon polis idarəsinin əməkdaşı, polis mayoru Rüstəm Rüstəmov narkomaniyanın yayılmasının cəmiyyətin sağlam həyat tərzi üçün təhlükəsindən danışıblar.
Tədbirdə narkomaniyaya aid videoçarx nümayiş olunub.
Hacı Zeynalov