Rusiya Azərbaycanla Ermənistan arasında sülh istəyir, qan tökülməsini istəmir.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Stanislav Tarasov çıxış edib.
Dörd kəndin Azərbaycana qaytarılması barədə danışan ekspert bildirib ki, bu ərazilərin kimin nəzarətində olub-olmamasının Rusiya üçün heç bir fərqi yoxdur:
“Həmin kəndlərə gəlincə, Moskva dəfələrlə delimitasiya-demarkasiya prosesində öz dəstəyini təklif edib, amma Ermənistan Moskvanın vasitəçiliyindən imtina edib, Bakı buna qarşı deyildi. Tərəflər birbaşa dialoq yolunu seçdilər və etdiklərini etdilər. İstəsək də, istəməsək də, bura Ermənistan ərazisidir və buna erməni xalqı qərar verməlidir. Bu və ya digər kəndin hansı ölkənin tərkibində olmasının Moskva üçün nə fərqi var?
Digər yandan, Ermənisanda vəziyyətin sabitliyində maraqlıyıq, çünki orada sabitliyin pozulması bütün regionun sabitliyinə xələl gətirir və bu, narahatlıq doğurur. Ermənistanın yeni müttəfiqlər tapmağa çalışmasına gəlincə, bu, onun haqqıdır. Əlbəttə, Ermənistanın Qərbə üz tutması xoşumuza gəlmir, Moskva bunu yanlış qərar hesab edir, necə ki, Ermənistanın Qarabağla bağlı səhv qərar verdiyini düşündüyümüz kimi, amma təəssüf ki, dəyişən heç nə yoxdur”.
Tarasovun iddiasına görə, Azərbaycan-Ermənistan sərhədi ilə bağlı Moskvada “müəyyən xəritələr” var:
“Moskvanın öz xəritələri var və demarkasiya prosesini dəstəkləyib. Əgər o dəstək qəbul edilsəydi, Moskva da iştirak edərdi, o zaman biz vəziyyəti birtəhər şərh edə bilərdik ki, Ermənistan və Azərbaycan nəyi və nə üçün doğru hesab edir, Moskva indi şərh verə bilməz. Ehtimal budur ki, İrəvan və Bakı sərhədlə bağlı bəzi elementar ideyaları rəhbər tutaraq razılığa gəlib, çünki belə bir razılaşma olmasaydı, sərhədlərin demarkasiyası çətin ki, baş verərdi. Bu, onların ikitərəfli qərarıdır”.
Politoloq qeyd edib ki, proses ikitərəfli formada davam edərkən, Rusiya Ermənistanla Azərbaycanın arasına girib münaqişə yarada bilməz: “Proseslərin necə getdiyini izləyirik, əsas odur ki, sülh yolu ilə getsinlər və qan tökülməsin”.
Tarasov etiraf edir ki, Rusiya prosesdə vasitəçi kimi iştirak etsəydi, vəziyyət “başqa cür” olardı: “Məncə, fərqli və daha balanslı olardı, tərəflər qarşıdurmaya getməzdilər, amma alınmadı. Kimə görə? Biz hesab edirik ki, Ermənistan buna hazır deyildi”.
Stanislav Tarasovun bu zəhərli fikirləri erməni revanşistlərinin “Hraparak” qəzetinə müsahibəsindən götürülüb. Rusiyalı müsahib əvvəldən axıradək kəndlərin qaytarılması və Qarabağın azad edilməsindən təəssüfünü gizlətmir, İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasını “yanlış qərar” adlandırır.
Qaytarılan kəndlər Azərbaycana məxsusdur, bunu Ermənistan rəhbərliyi də etiraf edir, Tarasov deyir ki, bu ərazilərin kimdə olub-olmamasının Rusiya üçün fərqi yoxdur. İrəvan Qarabağı Azərbaycan ərazisi olduğunu təsdiqləyir, Tarasov qayıdır ki, bu, “səhv qərar” idi. Üstəgəl, dolayı yolla etiraf edir ki, Rusiya “vasitəçi” olsaydı, kəndlərin qaytarılmasına mane olardı, problem olduğu nöqtədə qalardı, münaqişə davam edərdi.
Tarasov ilk dəfə deyil ki, öz zəhərli fikirlərini ictimai rəyə yeritməyə çalışır. Əlbəttə, qazanc yeri Rusiyadakı erməni diasporu olan birindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə sayğı gözləmək sadəlövhlük olardı.