Ermənistan parlamentinin iclasında revanşist “Hayastan” fraksiyasının deputatı Artsvik Minasyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağla bağlı təxribatçı sual ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, deputat nazirdən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərinin geri qayıtmaları üçün hansı işləri gördüyünü soruşub.
Mirzoyandan istədiyi cavabı ala bilməyən Minasyan ardınca “Qarabağ ermənilərinə muxtariyyət” cəfəngiyyatını gündəmə gətirib. Bu dəfə aldığı cavab da onun üçün ürəkaçan olmayıb.
“Qarabağın muxtariyyəti barədə soruşursunuz? Çox yaxşı, ancaq bunu Qarabağda ermənilərin qalmadığı vaxtda deyirsiniz. Ermənilər Qarabağda olanda biz “müstəqillik məsələsi”ndə iddiaları aşağı salmağı və bu cür məsələlərdən danışmağı təklif edəndə bizi “satqın” adlandırırdınız”, - xarici işlər naziri deputata cavabında söyləyib.
Mirzoyan Ermənistan müxalifətinin reallığı gec dərk etdiyini vurğulayıb: “Bizi gec anlamaqda ittiham edirsiniz, amma siz də gec başa düşürsünüz. Niyə onda “muxtariyyət” demirdiniz?”.
Ermənistanın baş diplomatı artıq “muxtariyyət” üçün də gec olduğuna eyham vurub.
Nazir deputatın bundan sonrakı sualına cavab verməkdən imtina edərək qeyd edib ki, Minasyanın daha cavab və sual vermək hüququ yoxdur. Minasyan danışmağa cəhd edəndə Mirzoyan onu belə ələ salıb: “Sizi həbs etmək üçün elit türk hərbçilərini gətirməsək, yenidən əlaqə saxlayacağıq”.