6 İyun 12:42
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalanmaq üçün yaranmış fürsətdən faydalanmağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Ng.ru portalı yazır.

Nəşr bildirir ki, BMT-nin iqlim dəyişikliyi üzrə beynəlxalq konfransı (COP29) çərçivəsində Bakıda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər:

“Bu ehtimal barədə ilk çıxış edən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov olub. O, əsirlərin mübadiləsini, qarşılıqlı diplomatik dəstəyi və Ermənistanın bu beynəlxalq tədbiri təşkil etmək istəyindən (Azərbaycanın xeyrinə) geri çəkilməsini bu istiqamətdə müsbət addımlar adlandırıb. Xatırladırıq ki, konfrans noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

Nikol Paşinyan da noyabrda sülh müqaviləsinin imzalanmasının mümkünlüyündən danışıb. O da Əmirbəyovdan sonra hər günün müqavilə bağlamaq üçün böyük fürsət olduğunu bildirib. Eyni zamanda, Ermənistan rəhbəri vurğulayıb ki, əvvəllər Praqa və Brüsseldə tərəflər sazişin ümumi prinsiplərini artıq razılaşdırıblar, indi də kağız üzərində təsbit edilməlidir.

“İşlərin başa çatdığını və imzalamağa hazır olduğumuzu görəndə yer, vaxt və sair məsələləri gələcəkdə müzakirə edəcəyik”, - Paşinyan əlavə edib. Amma Paşinyan qeyd edib ki, danışıqlarda ab-hava xeyli dərəcədə müsbətə doğru dəyişsə də, bu, İrəvan və Bakının finişə çatması demək deyil”.

Rusiya portalı xatırladır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı Azərbaycanla sülh müqaviləsini imzalamaq fürsətini əldən verməməyə, üçüncü dövlətlər və xaricdəki erməni diasporasının təsirindən qurtulmağa çağırıb: “Erməni xalqı dərk etməlidir ki, onun gələcəyi region ölkələri ilə, əsrlər boyu mövcud olan və gələcəkdə də mövcud olacaq qonşularla bağlıdır. Ermənistan bu məqsədlərə çatmaq üçün lazım olan hər şeyi etməyə cəsarət etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər