Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) sülh müqaviləsi ilə bağlı son bəyanatı manipulyasiyadır.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Ermənistan XİN Azərbaycanla sülh müqaviləsini bir ay müddətində imzalamağa hazır olduqlarını bəyan edib. Hesab edirəm ki, bu, Ermənistanın mövzu üzərindən növbəti manipulyasiyasıdır. Yekun sülh sazişi üçün Ermənistan konstitusiyası və digər qanunvericilik aktlarında dəyişiklik edilməlidir. Prezident İlham Əliyev ötən gün bu xüsusda Ermənistana mesajını verdi. Prezident açıq şəkildə söylədi ki, Ermənistan konstitusiyası dəyişdirilmədən, yəni Azərbaycana qarşı ərazi iddialarına son qoyulmadan sülh mümkün olmayacaq.
İrəvan bu kimi bəyanatlarla özünü beynəlxalq birliyə “sülhpərvər” kimi satmaq istəyir. Amma saziş bir ay yox, noyabrda Bakıda keçiriləcək COP29 sammitinədək imzalana bilər”, - ekspert vurğulayıb.
Məhəmməd Əsədullazadənin fikrincə, “müsbət bəyanatlar”ına baxmayaraq, Ermənistan sülh müqaviləsini imzalamağa hazır deyil:
“Əgər Azərbaycan bəyan etsə ki, müqaviləni bir aya imzalamağa hazırdır, Ermənistan yayınmaq üçün ən müxtəlif bəhanələr uyduracaq. Yekun sülh müqaviləsi üçün ilk növbədə Bakının irəli sürdüyü 5 prinsip əsasında çərçivə sazişi imzalanmalı, İrəvan bir sıra şərtləri yerinə yetirməlidir. Xüsusən də Azərbaycana qarşı ərazi iddialarına son qoyduğunu rəsmiləşdirən addımlar atmalı, müvafiq sənədləri imzalamalıdır”.