ABŞ bu dəfə Rusiya ilə Ermənistan arasında enerji əməkdaşlığına son qoymağa çalışır.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
“ABŞ-nin Ermənistanda AES tikmək istəyində siyasi məqsəd var. Söhbət modul tipli atom elektrik stansiyasından gedirsə, onun reaktorlarını idarə etməkdə ən böyük təcrübə ruslardadır. Obrayen gəlib dedi ki, burada (Zəngəzur) dəhliz olmalıdır, Azərbaycandan qaz alın. İndi də nüvə enerjisi məsələsini gündəmə gətirirlər. Amerika bilir ki, Ermənistana modul tipli AES tikmək mümkün deyil. Əgər biz Amerika variantını seçsək, o zaman avadanlıq, nüvə yanacağı gətirilməlidir, bunu necə edəcəklər? Rusiya bu gün yanacaq göndərir, çünki Ermənistanla logistikası var. ABŞ-nin Ermənistanla nəqliyyat logistikası yoxdur. Türkiyə, Azərbaycan və Gürcüstan bu cür avadanlıqlar və nüvə yanacağının öz ərazilərindən tranzitinə icazə verməyəcək. Gürcüstan hələ sovet illərində də buna imkan vermirdi”, - sabiq baş nazir bildirib.
Baqratyan Rusiyanın məsələ ilə əlaqədar Ermənistana xəbərdarlıq etdiyini vurğulayıb:
“Artıq bəyanat verərək bildiriblər ki, Ermənistan siyasi rəhbərliyinin kursu Ermənistanı işıqsız qoyacaq. Güman edirəm ki, ruslar nüvə yanacağının tədarükünü AES-in fəaliyyət göstərəcəyi 10 il keçməmiş dayandıra bilərlər, bu durumda Ermənistanla nüvə əməkdaşlığını davam etdirmələri mənasızdır”.
Onun sözlərinə görə, məqsəd Ermənistanı Rusiyanın enerji sistemindən ayırmaqdır:
“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması məkrlidir. Deyirlər ki, Amerika tipli modul stansiyadan söhbət gedir, belə olan halda Rusiya regiondan sıxışdırılıb çıxarılacaq. Bu da türk proqramıdır. Mənə görə, Qriqoryan həmin bəyanatla deyir ki, Ermənistanda Rusiyaya bağlı AES olmayacaq. Reallıqda onun bəyanatı bundan ibarətdir ki, Ermənistan 10 ildən sonra ümumiyyətlə nüvə enerjisinə malik olmayacaq. Amerika da burada atom elektrik stansiyası tikməyəcək. Ermənistan bunun üçün əlverişli ölkə deyil”.