HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra bölgədə vəziyyət gərginləşib. Proseslərin bundan sonra da gərginləşmə istiqamətində davam ediəcəyi gözlənilir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, İran bəyan edib ki, qisas əməliyyatı keçiriləcək və İsrail buna görə cavab verəcək: “Təbii ki, bu açıqlamalar bölgədə ümumi ab-havanı gərginləşdirir. Amma nəzərə almaq lazımdır ki, İsrail məhz İsmayıl Haniyəni Tehranda aradan götürməklə həm özünün hədəflərinə doğru addım atdı, eyni zamanda İrana ciddi mesajlar verdi. Bu mesajlar ondan ibarətdir ki, İranın ali hərbi siyasi rəhbərliyi heç də özlərini təhlükəsiz hesab etməsinlər. İsrail istədiyi an hətta Tehranın ən ciddi qorunan yerlərində belə lazımi əməliyyatları keçirə bilir.
İranın İsrailə hücumu adlandırılan aprel ayındakı əməliyyatın təkrarlanacağını düşünürəm. Bundan başqa, İran daha çox çalışacaq ki, özünün proksi qüvvələri olan HƏMAS, Hizbullah və husilər vasitəsilə İsrailə zərbələr endirsin. Amma özünün birbaşa İsraillə açıq qarşıdurmaya getmək və total müharibə aparmaq imkanlar çox aşağıdır.
İranın hazırkı mürəkkəb iqtisadi və siyasi vəziyyətini nəzərə alsaq onun bu ağır yükü daşımaq imkanlarına şübhə ilə yanaşmalıyıq. Hesab edirəm ki, əməliyyatda İran birbaşa özü iştirak edəcəksə, bu, təxminən aprel ayında olan hadisənin bənzəri olacaq. Belə desək, danışıqlı döyüş olacaq, yəni İranın qürurunu xilas etmək üçün “əməliyyat” keçiriləcək.
Daha çox Hizbullah və HƏMAS vasitəsilə proses gərginləşdiriləcək. Xüsusilə Hizbullah vasitəsilə İsrailin şimal əraziləri atəşə tutulacaq.
Bu halda İsrail təbii ki, özünümüdafiə haqqından istifadə edərək İranın proksi qüvvələrini bundan sonra da zəiflətməyə çalışacaq".
Oqtay Qasımov bildirib ki, Türkiyə heç bir halda bu savaşa qoşulmayacaq: “Bu, sadəcə sərt bəyanat, diplomatiya və siyasi gedişlərdən başqa bir şey deyil”.