Ermənistan hökuməti KTMT-nin hərbi təlimlərində iştirak etməməklə artıq Rusiyanın müttəfiqi olmadığını göstərmək istəyir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Karen İgityan deyib.
Ekspert xatırladıb ki, Ermənistan qarşıdakı həftələrdə Rusiya və Qırğızıstanda keçiriləcək təlimlərə qatılmayacaq: “KTMT çərçivəsində keçirilən təlim antiterror xarakterlidir və PUA-lardan istifadə olunacaq. Bu, Ermənistan bölmələrinə Rusiya hərbçilərinin praktiki təcrübəsi, məsələn, pilotsuz aviasiyanın köməyi ilə müxtəlif obyektlərin necə ələ keçirilməsi ilə tanış olmaq imkanı verəcəkdi”.
İgityan Ermənistan-ABŞ hərbi təlimləri ilə paralellər apararaq, amerikalıların gündəliyinin “birgə sülhməramlı fəaliyyət” olduğunu vurğulayıb.
Politoloq etiraf edib ki, Ermənistan ordusu güclü Azərbaycan Silahlı Qüvvələrinin qarşısına təkbaşına çıxmaq iqtidarında deyil, buna görə də Rusiya və İran kimi ənənəvi müttəfiqlərinin dəstək və köməyinə ehtiyacı var: “Azərbaycana qarşı dura bilmək üçün himayədar və müttəfiq ölkələr olan İran və Rusiya ilə əlaqələri gücləndirməli idi, amma Ermənistan hökuməti hər şeyi əks istiqamətə aparır, Rusiya ilə bağlı hər şeyi rədd edir”.
İranla hərbi sahədə əməkdaşlığa gəlincə, İgityan qeyd edib ki, Tehran buna hazır olsa da, Nikol Paşinyan hökuməti bundan yayınır:
“İranla əməkdaşlıq silahlı qüvvələrimizin güclənməsinə böyük töhfə ola bilərdi, amma bu da həyata keçirilmir.
Ermənistan hökuməti artıq Rusiyanın müttəfiqi olmadığını göstərir, Qərb və NATO-nun müttəfiqi olmağa çalışır. Əlbəttə, bu, Moskvada çox pis qarşılanır və bütün bunlar yadlarından çıxmayacaq. Anlamalıyıq ki, bir gün Rusiya Ukrayna məsələsini bağlayacaq və əlləri Cənubi Qafqazda daha uzun olacaq, Paşinyan hökumətinin nə etdiyini xatırlayacaqlar”.