Sərhəddə (Tavuş-Qazax istiqamətində) Ermənistan və Azərbaycan sərhədçiləri arasında mübahisə olmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətindən yerli mətbuata bildirilib.
“Kirant sektorunda yeni yolun marşrutu ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Azərbaycan sərhədçiləri arasında heç bir mübahisə olmayıb. MTX-də Tavuş vilayətinin Kirants hissəsində demarkasiyadan sonra yeni yolun tikintisi ilə bağlı Azərbaycan Respublikası ilə fikir ayrılığı barədə məlumat yoxdur”, - açıqlamada deyilir.
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən də bildirilib ki, sərhəd xəttinin müəyyənləşdirilməsi işlərindən sonra artıq yeni yolun tikintisinə başlanılıb:
“Kirants körpüsündən yan keçən yeni yolun marşrutu Ermənistan Respublikasının suveren ərazisindən keçir. Tikilməkdə olan yolun marşrutunun dəyişdirilməsi nəzərdə tutulmur”.
Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrin Ermənistan seqmentində iki ölkənin sərhədçiləri arasında Kirants-Xeyrimli istiqamətində bir neçə dəfə mübahisələrin yarandığı barədə iddia yayılmışdı. Mübahisənin yeni tikilən yolla bağlı olduğu deyilmişdi.