Avropa Birliyinin (AB) Ermənistana ehtiyacı yoxdur, Brüsselin Cənubi Qafqazdakı strateji tərəfdaşı Azərbaycandır.
Teleqraf.com xəbər verir ki, erməni politoloq Arman Abovyan deyib.
“Ermənistan hakimiyyətinin “Avropaya inteqrasiya” ilə bağlı saxtakarlığı ifşa edildi. Avropa Komissiyasının sözçüsü Peter Stano birmənalı şəkildə söylədi ki, Ermənistanla AB arasında aparılan danışıqlar heç bir halda Ermənistanın AB-yə üzvlüyü və ya inteqrasiya prosesi ilə bağlı danışıqlar demək deyil. Hakimiyyət isə bizi aldatmağa çalışır ki, bütün baş verənlər Ermənistanın AB-yə üzvlüyü üçündür. Stanonun bəyanatı kifayət qədər məntiqlidir və Qərbin Cənubi Qafqaz siyasətinə uyğundur. Daha açıq desək, AB-nin Ermənistana prinsipial ehtiyacı yoxdur. Çünki həmin AB artıq regionda geosiyasi prioritetlərini müəyyən edib və bu prioritetlər, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin fikrincə, Azərbaycan və Türkiyə strateji tərəfdaşlıq deməkdir”, - politoloq bildirib.
Abovyanın fikrincə, AB və Ermənistan arasında viza rejiminin ləğvi ilə bağlı aparılan danışıqlar da, üzvlük prosesi yox, turistlərin hərəkətinin asanlaşdırılması üçündür:
“Vizaların liberallaşdırılması mexanizmi yalnız turistik məqsədlər üçün tətbiq olunur. İş və Avropada yaşamaq üçün vizalar ləğv edilməyəcək, bunu birdəfəlik bilin. Avropanın yeni miqrant axınlarına ehtiyacı yoxdur. Adi avropalı üçün erməni və ya pakistanlı olmağın heç bir fərqi yoxdur. Sən onun üçün miqrantsan, bu qədər. İnanmırsınızsa, gürcülərdən soruşun, sizə hər şeyi ətraflı izah edəcəklər”.