Ləğv edilmiş separatçı rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Samvel Babayan Ermənistanda parlament seçkilərinə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır.
Erməni nəşri bildirir ki, Babayan separatçı siyasilərə onun sədri olacağı “xüsusi komitə” yaratmağı təklif edib. Həmçinin o, bütün Qarabağ ermənilərinə mümkün erkən və ya 2026-cı ildə gözlənilən seçkilər zamanı onun ətrafında birləşmək və “vahid cəbhə” ilə hərəkət etmək təklifini verib.
“Babayan əmin edib ki, bütün problemlərin həlli yollarını bilir və ətrafında möhkəmlənərlərsə, bir çox məsələləri həll edə bilər. Başqa sözlə, Samvel Babayan özünü Ermənistandakı “Qarabağ ermənilərinin lideri” kimi təsəvvür edir”, - məqalədə deyilir.
“Joqvurd” qeyd edir ki, separatçı siyasilər Babayanın təklifini rədd ediblər.
Nəşr Babayanın yaxın dostu, ləğv edilmiş separatçı rejimin “keçmiş təhsil naziri” Hayk Xanumyanla əlaqə saxlayıb. Onun sözlərinə görə, Babayanın “komitə” yaradılması təklifinin seçkilərə heç bir aidiyyəti yoxdur, “Qarabağ ermənilərinin problemlərinin həlli” məqsədi ilə irəli sürülüb.