Ermənistan biznesdə rəqabətdə qonşu ölkələrə uduzur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş sosial məsələlər naziri Mesrop Arakelyan deyib.
Sabiq nazir son illərdə Ermənistana üz tutan Rusiya vətəndaşlarının sürətlə ölkədən getdiklərini bildirib:
“Əvvəllər Ermənistanda 100 mindən çox Rusiya vətəndaşı var idisə, indi bu, 50 mini keçmir. Bunun iki səbəbi var. Birincisi, çox vaxt müharibələr insanları köçə məcbur edir, amma bəziləri yeni reallığa uyğunlaşmayaraq yenidən qayıdırlar. Digər amil kirayə haqqı, gündəlik yemək və məişət xərclərinin aşağı olduğu ölkələrdə müvəqqəti də olsa yaşamağın daha əlverişli olmasıdır. Biznes şəraiti ilə bağlı problem də var. Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə biznes qurmaq Ermənistandan daha asandır. Görünən budur ki, bu rəqabətə dözə bilmərik. Qonşu Gürcüstan, həmçinin regionun digər ölkələri də əcnəbilərin daha yaxşı şəraitdə yaşamalarını təmin etmək imkanlarına malikdir”.
Arakelyan təkcə Rusiya vətəndaşlarının yox, Qarabağ ermənilərinin də Ermənistanı tərk etdiklərini söyləyib.
Onun iddiasına görə, Ermənistan hökuməti Qarabağ ermənilərinin başqa ölkələrə üz tutmalarında maraqlıdır və bir çox hallarda onları buna təşviq edir: “Rəsmi məlumata görə, 10 min Qarabağ ermənisi ölkədən gedib”.