Ermənistanın sabiq prezidenti Serj Sərkisyan və tərəfdarları hələ də revanşizm və separatçı duyğularla yaşayırlar.
Teleqraf.com xəbər verir ki, Qarabağın azad edilməsindən xeyli müddət keçməsinə baxmayaraq, yenə də bu bitmiş məsələni gündəmdə saxlamaqda davam edirlər.
Sərkisyanın rəhbəri olduğu “Şərəfim Var” parlament fraksiyasının üzvləri hər iclasda separatçı xülyalarından, özlərinin də inanmadıqları “gələcək”dən danışırlar. Fraksiyanın rəhbəri Hayk Mamicanyan da belələrindəndir.
Vaxtilə yol verdiyi böyük yanlışından dərsini almış Baş nazir Nikol Paşinyanın artıq Qarabağdan danışmaması ona bərk yer edib. Hətta o həddə ki, Paşinyanın hər addımı Mamicanyanı qıcıqlandırır – velosiped sürməsi belə. Mamicanyanın bununla bağlı son sözləri isə bir xeyli gülməlidir.
Sitat: “Paşinyan Qarabağı təhvil verməsəydi, strateji müttəfiqimizlə (Rusiya) əlaqələrimiz çox pis səviyyədə olmasaydı, müharibə zamanı Ermənistan üçün hava məkanı qonşumuz və dostumuz Gürcüstan və İran tərəfindən bağlanmasaydı, düzünü desəm, Paşinyanın velospied və ya “samokat” sürməsi vecimə olmazdı”.
Siyasi vəziyyətə toxunan revanşist siyasətçi bildirib ki, Ermənistan beynəlxalq münasibətlərdə obyektə çevrilib, ölkənin gələcəyini başqa dövlətlər onsuz həll edirlər: “Heç kim heç bir real prosesdə Ermənistanı danışıqlar tərəfi kimi cəlb etmir”.
Sərkisyan və tərəfdarlarının, eləcə də revanşizm duyğusu ilə yaşayan digəriləri üçün ən yaxşı və yeganə çıxış yolu səhvlərinə görə Paşinyan və Ermənistana verilən dərsi əzbərlərində yaxşı saxlamalarıdır.