Azərbaycan sülh müqaviləsi olmadan da, tələblərini Ermənistana qəbul etdirir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.
Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə səfərini şərh edən ekspert bildirib ki, Bakı və Ankara regionda xarici siyasətlərini əlaqələndirir:
“Məsələn, Putinin səfərindən sonra Bayramovun Türkiyəyə səfəri buna nümunədir. Putinin Bakıda müzakirə elədiyi qaz, enerji və kommunikasiyaların açılması və sair aktual məsələlərlə bağlı addımlar Ankara və Bakı arasında koordinasiya olunur”.
Sülh sazişinə gəlincə, Melkonyan qeyd edib ki, Azərbaycan bu olmadan da tələblərini Ermənistana qəbul etdirir:
“Məsələn, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul etdi, anklavları Azərbaycan ərazisi kimi tanıdı, indi də Minsk qrupunu ləğv etməyə hazır olduğunu bəyan edir. Ermənistan heç bir müqavilə olmadan yavaş-yavaş Azərbaycan və Türkiyənin şərtlərini yerinə yetirir”.
Politoloq vurğulayıb ki, hazırda Bakı və Ankaranın ən vacib tələbi Zəngəzur dəhlizi ilə bağlıdır:
“Azərbaycan Bakıdan Naxçıvana heç bir yoxlama və maneə olmadan çatmaq istəyir, Ermənistan da bildirir ki, bura onun suveren ərazisidir və sərhəd məntəqələri olmalıdır. Ermənistan bir orta vəziyyət təklif edir, buna görə, əraziyə təhlükəsizlik məsələləri ilə məşğul olan hansısa beynəlxalq özəl təşkilat nəzarət etsin. Yəni Ermənistan dəhliz məsələsində geri addım atmağa hazırdır”.