31 Avqust 17:12
1 407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında Azərbaycana qarşı qondarma iddialar irəli sürüb.

Teleqraf.com xəbər verir ki, o, ölkəmizi əsassız olaraq Ermənistana qarşı ərazi iddialarında ittiham edib.

“Azərbaycan Konstitusiyasında 1991-ci il Dövlət Müstəqilliyi Aktına istinad olunur. Bu akt da 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edir. Müstəqillik Aktında bildirilir ki, bugünkü Azərbaycan 1918-1920-ci illərdəki Azərbaycanın varisidir. O zamankı Azərbaycanın bəyannaməsində Azərbaycan ərazilərinin Cənubi və Şərqi Zaqafqaziya olduğu bildirilir və 1919-cu ildə Antantaya təqdim edilən xəritə ilə Azərbaycan bütövlükdə bugünkü Sünik (Zəngəzur) və Vayots Dzor (Dərələyəz) vilayətlərinə, eləcə də qismən Tavuş (Tavus), Geqarkunik (Göyçə), Ararat (Vedibasar), Lori (Loru) və Şirak vilayətlərinə iddialar irəli sürür”, - Paşinyan bildirib.

Azərbaycanın heç bir ölkəyə ərazi iddiası olmadığı ən yüksək səviyyədə bəyan edilib. Ermənistan rəhbəri sadəcə Azərbaycanın adından uydurur. Adıçəkilən bölgələrə gəlincə, bəli, həmin ərazilər 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub.

Amma Bolşevik Rusiyası Azərbaycanı işğal etdikdən sonra durum dəyişməyə başladı. Ərazilər SSRİ dönəmində qanunsuz olaraq Azərbaycandan qoparıldı. Yəni Paşinyan və erməniləri qorxudan Azərbaycanın adından uydurduqları iddiaları yox, tarixin təkzibolunmaz faktlarıdır. Həm də Qərb və Rusiyanın yardımı ilə tarixi ərazilərimizdə qurduqları dövlət və onun tarixinin süniliyi... Paşinyanın özü də etiraf edir ki, 1919-cu il Azərbaycan xəritəsi necə olub. Ona görə "bugünkü Sünik və Vayots Dzor və sair" deyir, çünki bu bölgələrin tarixi adları ona məlumdur, haqqında bəhs etdiyi xəritədə də belə olduğunu bilir.

Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddiaları yoxdur. Biz başqasına aid olana heç vaxt iddialı olmamışıq. Bu, həm də Ermənistan rəhbərinin konstitusiya dəyişikliyindən yayınmaq cəhdidir. Həmin dəyişikliyi də Azərbaycan tələb edib. Sülh müqaviləsinin imzalanmasına yeganə maneə də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasıdır, bu, rəsmi Bakının mövqeyidir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər